“Rusiyada baş verənlər nə etnik, nə dini qarşıdurmadır” - Millət vəkili

“Hazırda Rusiyada baş verənlər nə etnik, nə dini qarşıdurma sayılır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. O hesab edir ki, “Vaqner” rəhbəri Priqojinin üsyanı Rusiya müdafiə naziri Sergey Şoyquya qarşı çıxması ilə bağlıdır:

“Ukrayna ilə sərhəddə vuruşanlardan biri də “Vaqner” dəstəsi olub. İndi onlar Rostovda yerləşən Rusiya Cənub Hərbi Dairəsinin qərargahını tutmağa çalışırlar. Artıq Rusiya Federal Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi müxtəlif bəyanatlarla çıxış edərək, Priqojinin bu addımını dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Artıq "Vaqner" orudusu Talovaya şəhərinə doğru irəliləyir.

Fikrimcə, bu, çox ciddi qarşıdurmadır, çünki “Vaqner”in tərkibi əsasən vaxtilə cinayət məsuliyyətinə cəlb edilmiş, ordudan təxris olunaraq onlara qoşulmuş şəxslərdən ibarətdir. Hazırda Rusiyada çox ciddi proseslər gedir. Bu da qarşıdurmalara, insan tələfatına, qırğına gətirib çıxara bilər.

Qeyd edim ki, hazırkı vəziyyətdə hansısa millət, etnik qrup haqqında heç bir problem qabardılmır və zənnimcə, qabardılan da deyil. Əsas məqam burada bir qrup silahlı dəstə ilə dövlət arasında olan münaqişəyə fokuslanıb. Çünki hər an vəziyyət dəyişib, silahlı qarşıdurmaya keçə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı