Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Oğuz şəhərində yerləşən “Səma” hotelində qonaq olan 1966-cı il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu orada vəfat edib.
Belə ki, S.Quliyev dünən Oğuzda dostunun qızının toyunda iştirak edib və daha sonra gecələmək üçün hotelə gedib. Bir qədər sonra o, özünü pis hiss etdiyindən Təcili Tibbi Yardıma müraciət edilib. Tibbi yardım göstərildikdən sonra Sübhan Quliyev otağında yuxuya gedib. Bu gün səhər isə onun dünyasını dəyişdiyi məlum olub.
Qeyd edək ki, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.