"Maşın bazarında qiymətlərin yüksəlməsi mövsümə görədir" - EKSPERT

Yay mövsümü başlayandan avtomobil bazarında durğunluq yaşanır. Alıcılar qiymətlərdə artım olduğundan şikayət edirlər.

Ənənəvi olaraq hər il mövsümə görə bu vəziyyətin təkrarlandığını bildirən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın avtomobil bazarında iyun ayının ikinci yarısından sonra müəyyən aktivliyin azalması xarakterik haldır:

“İstehsal tarixi 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdıran qərar veriləndən təxminən bir ay müddətində bazarda müəyyən ajiotaj yaşandı. İkinci əl avtomobillərin qiyməti təxminən 5-10 faiz civarında yüksəlmişdi. Proqnozlarımız özünü doğrultdu. Bu gün biz onu görürük ki, artıq bazar bu vəziyyəti özü tənzimləyir, qiymətlər də sabitləşib”.


Ölkəmizə idxal olunan yeni, ekoloji təmiz nəqliyyat vasitələri barədə danışan ekspert xatırlatdı ki, vətəndaşlar üçün hazırda əlçatanlıq imkanı asanlaşdırılan bu növ avtomobillərin infrastruktura ehtiyacı yoxdur:

“Hibridlər üçün infrastruktura ehtiyac yoxdur. Elektromobillər üçün əsas infrastruktur elektrikdoldurma məntəqələrinin sayının artırılması və servis xidmətinin olmasıdır. Elektrikdoldurma məntəqələrinin sayı ötən il ərzində təxminən 40 ədəd idisə, bu ilin sonuna qədər ölkədə təxminən yüzə qədər elektrikdoldurma məntəqələrinin sayı artacaq.

Ümumiyyətlə həm paxtaxtda, həm də bölgələrdə, turistik zonalarda elektrikdoldurma məntəqələri yaradılması prosesi davam edir. Bu nəqliyyat vasitələrinin servis məsələsinə gəldikdə isə qeyd edim ki, elektromobilləri rəsmi olaraq gətirən avtomobil dilerləri və ya distribütorların servisi var.

Problem o zaman yaranır ki, həmin avtomobillər qeyri-rəsmi olaraq ölkəyə gətirilir. Ona görə də, biz vətəndaşlara tövsiyə edirik ki, ölkəmizdə servis xidməti qurulmuş elektromobilləri xarici ölkələrdən alıb gətirsinlər. Bu onların sonradan problem yaşamasının qarşısını alacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR