Zəlzələ həyət evlərinin qiymətinə təsir göstərəcək? - TƏHLİL

Xəbər verdiyimiz kimi, iyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Zəlzələdən sonra fərdi evlərə tələbatın artdığı barədə məlumatlar yayılıb. Yayılan xəbərlərə görə, həyət evlərin qiymətində beş-on min manat civarında bahalaşma müşahidə edilib. Əmlak satqısı ilə məşğul olan "makler"lər də qiymətlərdə bahalaşma olduğunu təsdiqlədilər.

Metbuat.az-a açıqlamasında Nurəddin Məmmədov bildirdi ki, ötən gündən fərqli olaraq bu gün həyət evləri ilə maraqlanan müştərilərin sayında artım var:

“Qiymətlərdə elə də fərq olmasa da, həyət evləri ilə maraqlananlar çoxalıb. Hətta bina evi almaq istəyən müştərimiz zəng edərək həyət evi seçimi etmək istədiyini bildirdi. Düşünürəm ki, bu proses qısamüddətlidir. Yay bitdikdən sonra yenidən tələbat bina evlərinə olacaq”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında faktı təsdiqlədi. Müsahibimiz deyir ki, tələbatın artmasına səbəbi mövsümü xarakter daşıyır.

“Hər il may ayının sonundan başlayaraq avqust ayının sonuna qədər fərdi həyət evlərinə və torpaq sahələrinə tələbat artır. Bunun nəticəsində artıq qiymət artımları baş verir. Vəziyyətin hər hansısa bir təbii və yaxud süni prosesslərə aidiyyatı yoxdur. Bəzən hansısa bir fors-major hadisələr, məsələn, pandemiya dövründə baş verənlər və yaxud zəlzələ kimi hadisələr zamanı həyət evlərinə tələbat artsa da, bu ümumi satış statistikasına elə də ciddi təsir etmir”.

Ekspert son illər ölkəmizdə alınan əmlakların böyük hissəsinin kredit şərtləri ilə satıldığını vurğulayaraq qeyd etdi ki, Bakı, Abşeron ərazisində çıxarışı olmayan 500 mindən çox əmlak bu səbəbdən alıcılara ipoteka ilə əlçatan olmasında problemlər yaradır.

“Çıxarış olmayanda artıq bu mənzillər kreditlə satıla bilmir. Bu da onu deməyə əsas verir ki, bu sahəyə tələbat elə də böyük olmayacaq. Əmlakların qiyməti Bakı şəhərində yetəri qədər bahadır. Rəsmi məlumatlara əsasən, zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, həyət evlərinə münasibət geniş kütləyə xitabən olmayacaq.

Müvəqqəti xarakterli hansısa formada qiymət artımları ola bilər. Amma bir müddət hündürmərtəbəli binaların satışlarında azalmalar gözlənilir. Bu da təbii ki, insanlarda yeni binalardan ev almağın təhlükəli olmasından irəli gələn psixoloji travmanın nəticəsində baş verir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı