“Exchange”lər geri qayıdır: Hansı dəyişikliklər olacaq? - TƏHLİL

Milli Məclisin 6 iyul 2023-cü il tarixində keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.

Məqsəd Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırmaqdır.

İqtisadçı-ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirdi ki, hazırda ölkədə həm turizmin inkişafı, həm də valyuta mübadiləsi sahəsində insanlara daha yaxşı xidmət göstərmək üçün bu məntəqələrin açılmasına ehtiyac var:


“Bu sahədə rəqabətin olması olduqca vacibdir. Ötən gün qanuna edilən dəyişikliyə əsasən, bir neçə qurumun əlində olan bazara digər oyunçuları cəlb etmək üçün şərtlər müəyyənləşdirildi. “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklik qaydaların sərtləşdirilməsi deyil, müəyyən edilməsi funksiyasını daşıyır. Burada ən böyük kriteriya üçillik audit rəyinin tələb olunmasıdır. Valyuta mübadilə məntəqəsi üçün lisenziya istəyən şirkətlərin azı 3-4 il fəaliyyət göstərməsi və müsbət audit rəylərinin olması vacibdir. Yalnız bu halda inzibati orqan Mərkəzi Bank, ona icazə vermək haqqında düşünəcək.

Lisenziyalı fəaliyyətə icazə üçün ilkin şərtlər müəyyənləşməlidir. Yeni qaydaları daha proqressiv hesab edirəm. Valyuta mübadiləsi kifayət qədər ciddi prosesdir. Nəticədə, valyuta bazarına təsir göstərən elementlərdən biri sayılır. Bunun üçün də müəyyən şərtlər və qaydaların olması tamamilə normal sayılır”.

Devalvasiyaya qədər liberal və daha çox oyunçu olan sahələrdən birinin valyutadəyişmə məntəqələri olduğunu qeyd edən iqtisadçı-ekspert Natiq Cəfərli vurğuladı ki, qanuna təklif edilən dəyişiklik əksinə bir neçə oyunçunun bazarda qalmasına səbəb olacaq:

“Çünki fiziki şəxslər faktiki olaraq bu qərarla valyutadəyişmə məntəqələrini açmaqda maraqsız olacaqlar. Pul qazanmaq üçün həddindən artıq sərt tələblər qoyulub. İstənilən biznesdə pul qazanmaq hədəf kimi qarşıya qoyulur. Ola bilsin ki, bir neçə institusional, yəni geniş şəbəkəyə malik olan bir-iki valyuta dəyişmə şəbəkəsi yarana bilər. Ölkədə bunun üçün böyük vəsaitə, investisiyalara ehtiyac var.

“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən məhdudiyyətlər, limitlərin qoyulması o qədər də yaxşı bir şey deyil. İstənilən ölkədə valyuta dəyişmə ilə bağlı limitlərin olması “qara bazar”ın formalaşmasına səbəb olur. Hətta sovet vaxtı belə valyuta dəyişmə məntəqələri yox idi. Çox sərt qaydalar var idi, hətta cinayət işi hesab olunurdu. Buna baxmayaraq, “qara bazar” mövcud idi. Mənim fikrimcə, indiki halda belə qərarların və addımların sərtləşməsi, əksinə, “qara bazar”ın yaranması üçün təhlükə yaradır ki, bu da heç də yaxşı bir şey deyil”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı