İsveç klubunun məşqçisi: "Musa Qurbanlı qol vurmaq üçün hər şeyi edir"

"Musanın bizi ən çox cəlb edən tərəfi cərimə meydançasında hərəkətli olmasıdır. O, daim qapıçının topu itirməsini, müdafiəçinin yıxılmasını gözləyir, bir sözlə, asan qol vura biləcəyi imkanlar axtarır. Fərqlənmək üçün hər epizoda daxil olur. Dizi, başı, sağ və ya sol ayağı ilə, fərqi yoxdur, qol vurmaq üçün hər şeyi edir".

Metbuat.az-ın məlumatına görə, bunları İsveçin "Yurqorden" komandasının məşqçisi Hüqo Berqqren yeni transfer Musa Qurbanlının keçidi barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, 21 yaşlı hücumçunu UEFA Konfrans Liqasında Belçika "Gent"i ilə oyunlardan sonra şəxsi əlaqələr vasitəsilə tapıb: "Bundan sonra onun agenti ilə əlaqə saxladım. Bu cür layiqli oyunçunu transfer edə bilmək xoşdur. O, avrokuboklarda "Lex", "Ferentsvaroş", "Nant", "Olimpiakos" və başqa bu kimi nəhəng komandaları məğlub edən "Qarabağ"dan gəlib".

Onun sözlərinə görə, Qurbanlının yeni komandası ilə məşqlərə nə vaxt qatılacağı tam bəlli deyil: "Son işlərini həll etmək üçün hazırda Azərbaycandadır. Bununla belə, tezliklə məşqlərə başlayacağına və "Malmö" ilə matçda bizə kömək edəcəyinə inanırıq. Çalışırıq ki, həmin matçdan bir neçə gün tez gəlsin".

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı