Polis Abşeronda əməliyyatlar keçirib, saxlanılanlar var - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gündə Qobu, Mehdiabad, Masazır, Saray qəsəbələri və digər ərazilərində cinayətlərin qarşısının alınması, eləcə də qeydə alınan müxtəlif hüquqpozmalara qarşı təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında qəsəbə ərazisində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub.

Belə ki, Bölməyə Abşeron rayon sakini Tural Məmmədovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs təxirəsalınmaz əməliyyat nəticəsində saxlanılıb. Üzərinə baxış zamanı Tural Məmmədovdan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron və həmin silaha aid daraq aşkar edilərək götürülüb. Tural Məmmədov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Saray, Mehdiabad və Masazır qəsəbələrində müxtəlif vaxtlarda 25 fərdi yaşayış evindən silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Rail Quliyev saxlanılıb. Onun evlərdən, pul, qızıl-zinət, təmir-tikinti və məişət əşyaları oğurladığı müəyyən edilib. Rail Quliyev ifadəsində Abşeron rayonu ilə yanaşı paytaxtın Binəqədi və digər ərazilərində də çoxsaylı mənzil oğurluqları etdiyini deyib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə üzərində odlu silah gəzdirən Emin Əliyev və narkotik maddələrin satışını təşkil edən Rauf Mikayılov saxlanılıblar. Emin Əliyevin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd sandıqça, Rauf Mikayılovdan isə onlayn yolla əldə etdiyi çəkisi 2 kiloqram olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının qeyd edilən tədbirlər çərçivəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə Xırdalan şəhəri və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri – Elşən Əsədov və Ayxan Aslanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 3 kiloqram heroin və 1 kiloqrama yaxın metamfetamin aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, Elşən Əsədov və Ayxan Aslanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı