Azərbaycan Prezidentinin Neçirvan Bərzani ilə görüşü olub

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.

Metbuat.az xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.

    Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlanıb. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib.

    Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

    Görüşdə dövlət başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladıb.

    Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı