Azərbaycanda övladını atan şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən yeni doğulmuş körpə anası tərəfindən zibil yeşiyinə atılıb. Buna bənzər hallarla ölkədə tez-tez rastlaşmasaq da, zaman-zaman bu hadisələr baş verir. Bəs Azərbaycanda övladlarına qarşı bu cür davranışlar sərgiləyən valideynlər üçün hansı cəzalar nəzərdə tutulub?

Bu barədə Metbuat.az-a danışan vəkil Anar Mövsümoğlu bildirib ki, məsələ ilə bağlı Ailə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində maddələr var:

"Ailə Məcəlləsinin 64-cü maddəsi bir sıra hallarda ata və ananı valideynlik hüquqlarından məhrum edir. Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə və uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququ həmin şəxlərin əllərindən alınır".

Vəkil bildirib ki, bundan başqa, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr var:

"189-cu maddə uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə görə qanunvericilik qaydalarını göstərir. Belə ki, uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda isə altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir

Yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə - valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir".

Son olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsinə görə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub:

"Qanunvericilikdə bu məsələlər var. Əgər uşağı atandan sonra onun məqsədi uşağı öldürməkdirsə və uşağı heç kimin görməyəcəyi yerə atırsa, ya da öldürüb atırsa, bu qəsdən cinayət ola bilər. Yox, əgər uşağı atdıqdan sonra uşaq ölürsə, bu zaman ehtiyatsızlıqdan ölmə ola bilər. Haldan asılı olaraq müxtəlif cür qərar verilə bilər".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR