Ailədaxili münaqişələrin uşağın şəxsiyyət kimi formalaşmasına təsiri - ŞƏRH

Bu gün ailələrdə şahid olduğumuz münaqişələr, ailədaxili cinayətlərlə bağlı statistik rəqəmlər getdikcə artmaqdadır. Bundan başqa, demək olar cəmiyyətimizdə bütün ailələrdə ya fərdlər arasında, ya da ailələr arasında daimi mübahisələr, münaqişələr yaşanır. Bütün bu halların ən məsum qurbanları isə təbii ki, uşaqlar olur.

Metbuat.az ailələrdə yaşanan mənfi halların uşaqlara təsiri ilə bağlı mütəxəssislərlə danışıb.

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev bildirir ki, uşaqların ailələrdə qazandığı mənfi xüsusiyyətlər, travmalar onu ömür boyu izləyir:

"Ailə uşağın şəxsiyyət kimi formalaşmasında ilkin sosial institutdur. Nəinki uşaq doğulandan sonra, hətta ana bətnində olarkən artıq uşağın psixologiyası formalaşır. Əgər qadın hamiləliyini münaqişəli bir ailədə keçirirsə, bu, bətindəki uşağa da təsir göstərir. Ona görə də, mütəxəssislər məsləhət görürlər ki, ana hamiləliyi dövründə normal psixoloji mühitdə olmalıdır.

Həmçinin uşaq doğulandan sonra da, əgər o ailədə fərdlər arasında münaqişələr varsa, o uşağa təsir göstərir. İnkişaf etmiş ölkələrin məktəblərində belə bir şərt var, əgər uşağın ailəsi münaqişəli ailədirsə, qabaqcıl məktəblər o uşağı qəbul etmirlər. Çünki bilirlər ki, uşaq münaqişəli ailədə böyüyübsə, bu, onun təhsil keyfiyyətinə təsir göstərəcək. Ona görə ki, bu cür ailədə böyüyən uşaq aqressiv olur, özünə qapanır və tənhalığa meyillənir. Bu artıq sınanılmış təcrübədir.

Uşaq artıq yetkinləşdiyi zaman da ailədə yaşadıqları özünü göstərir. Məsələn, Avropada kadr təyinatları zamanı insanların psixoqrafiyasına diqqət edirlər ki, bu şəxs uşaq vaxtı hansı stresslər, travmalar yaşayıb. Çünki bu cür uşaqlar gələcəkdə qərar qəbul etmə zamanı da çətinlik çəkirlər. Uşaq vaxtı qazandığı travma və aqressiyanı öz qərarlarında nümayiş etdirməyə başlayır".

Sosioloq düşünür ki, münaqişəli ailələrdə böyüyən uşaqlar təkcə öz ailəsinə yox, cəmiyyətə, öz işlədiyi mühitə də təsir göstərir:

"Cinayət hadisələrinin böyük qismi məhz bu cür ailələrdə yetişən insanlar tərəfindən törədilir.

Tarixi şəxsiyyətlərin, mənfi obrazlı hökmdarların psixoqrafiyasına nəzər yetirsək görərik ki, bu şəxsiyyətləri onların uşaq vaxtı yaşadıqlarından irəli gəlir. Yəni uşaqlıq travmaları təkcə özlərinə yox, gələcəkdə verdiyi qərarlara və cəmiyyətə də təsir edir.

Bu baxımdan uşağın sağlam ailə mühitində böyüməsi cəmiyyət üçün prioritet məsələ olmalıdır. Ailə böhran mərkəzləri yaradılmalıdır, böhranlı ailələrlə psixoloqlar və sosial işçilər işləməlidir. Yaxşı olar ki, ailə dəyərləri ilə bağlı məktəblərdə dərslər keçirilsin, uşaqlara ailə dəyərləri aşılansın".

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı da fikirlərini bizimlə bölüşüb. Onun sözlərinə görə, bir insanın xarakterinin, şəxsiyyətinin formalaşmasında uşaq vaxtı ətrafındakı insanların bir-biri ilə və onunla davranışlarının təsiri var:

"Burada artıq bir çox məqamlar aydınlaşır. Ailədaxili münaqişə və şiddət uşaqda ailə dəyərlərinə qarşı aqressiya, özünə və cəmiyyətə qarşı aqressiya yaradır. Müəyyən travmalara, fobiyalara və hətta intihara səbəb ola bilir. Nəticədə uşaqda özünəqapanma, özgüvənsizlik, qorxu müşahidə edilir. Hətta gələcəkdə o adamın xarakterində qarşı cinsə güvənsizlik, ailə qurmağa qarşı qorxu yaranır. Əgər ana uşaqdan ataya qarşı silah kimi istifadə edirsə, bu da onda başqa travmaların yaranmasına səbəb olur.

Əgər ailədaxili münaqişələrdə uşaq aktiv şəkildə iştirak edirsə, o uşaq məhv olur. Sağlam olmayan şəxsiyyət formalaşmış olur. Nitq problemi, özünəqapanma problemi olan uşaqlara nəzər yetirəndə görürük ki, problem ailədən qaynaqlanır. Elə ailələr var ki, buna fikir vermir və uşaq yetkin şəxsiyyət olduğu zaman da bu problemlər qalır".

Cavidan Mirzəzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı