Ödəniş kartları son bir ildə 19%, nağdsız ödənişlər 2 dəfə artıb

Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 299 min ədəd artaraq 15 milyon 40 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb.

Metbuat.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 26.3% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 421 min, digər kartlar isə 1.7 mln. ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb. 2023-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 mlrd. 625 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2 mlrd. 867 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 751 mln. manatı POS-terminallar, 6 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52.3%-ni təşkil edib.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 2.8%, POS-terminalların sayı 15.5% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı