Ali Məhkəmə 2 yaşlı uşağı oğurlayan qadınla bağlı qərar verdi

Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradova barəsində hökmdən verilmiş kassasiya protestinə baxılıb.

Metbuat.az xəbər verir ki, Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Hakimlər heyəti Gültəkin Muradova ilə bağlı apellyasiya instansiyasının qərarının düzgün olduğu qənaətinə gəlib və protest təmin olunmayıb.

Gültəkin Muradova adam oğurluğunda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ittiham olunan şəxsə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilib. Gültəkin Muradova 2 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Gültəkin Muradovaya 10 il 6 ay həbs cəzası istəmişdi.

Qeyd edək ki, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin oğurlanması barədə polisə məlumat daxil olub.

2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.

İttihamda göstərilib ki, Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə də qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.

Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub. İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz etsəmdə o, Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib.

Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyatı üzrə təhvil verilib.

Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Azyaşlı tapılandan sonra Daxili İşlər Nazirliyi uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yayıb. Məlumatda onun bu işdə iştirakının ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilib. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanıldığı açıqlanıb. Təqsirləndirilən şəxs qismində yalnız Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı