Bu qurumlar şəxsi məlumatlarımıza baxır - Vətəndaşların nəzərinə

"İstənilən şəxs MyGov-a daxil olub "Sorğulanmış məlumatlarım" bölməsini seçəndə görərsiniz ki, xeyli sayda dövlət və özəl qurum, banklar fərdi məlumatlarınıza baxıb".

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz məlumat yayıb.

Onun sözlərinə görə, bəzən hətta sizin şəxsi məlumatlarınıza baxanların uzun bir siyahılarını görə biləcəksiniz: "Hərdən mən özüm təəccüblənirəm ki, banklarda olanlar gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün toplayırlar. Hansı ki, vətəndaşın razılığı olmadan bu qanunsuzdur. Proses adətən belə baş verir. Qurumlar, banklar da bilir ki, vətəndaşın hansısa bir razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər. Odur ki , vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəyisə təsdiqləyəndə, qurumlar, banklar dərhal, heç vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı da alırlar. Bunlar hamısı yolverilməzdir. Uzun müddətdir ki, proses bu qaydada davam edir".

Osman Gündüz qeyd edib ki, indi bunun qarşısını almaq üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni bir mexanizm hazırlayıb: "Qurum bir neçə hökumət portalını özündə birləşdirən Super Portal və onun əsasında mobil Rəqəmsal Cüzdan da hazırlayır. Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb. Artıq vətəndaşın razılığı olmadan, hansısa bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək. Yeri gəlmişkən, Super Portalda və Cüzdanda olan bir çox məlumatlar da artıq sadəcə məlumat deyil, data əsaslı "rəqəmsaı sənəd" statusuna malik olacaq".

Xatırladaq ki, bir neçə il öncə Avropada fərdi məlumatların qorunması ilə bağlı tam yeni standartlar hazırlanıb. RİNN açıqlama verib ki, bu standartlar əsasında "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi də hazırlayıb və hökumətə təqdim edib. Hələlik bu yeni layihədən xəbər yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı