“Qarabağ erməniləri dialoqa girməyə məcburdur”​ - ŞƏRH

“Qarabağın erməni icması ilə Yevlaxda görüş keçirilməsi təklifi Azərbaycanın maraqlarına uyğun olan təklifdir. Fərqi yoxdur bu görüş Yevlax, Bakı və yaxud da Azərbaycanın başqa bir şəhərində keçirilir, əsas məqam odur ki, müzakirələr məhz Azərbaycan ərazisində baş tutsun”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Şahin Cəfərli deyib. Analitik hesab edir ki, belə görüşlərin Azərbaycandan kənarda keçirilməsi ölkənin maraqlarına uyğun olmayan mənzərə yarada bilər:

“Qarabağ Azərbaycan ərazisidir və bütün dünya tərəfindən bu formada qarşılanır. Qarabağ erməniləri isə Azərbaycan tərəfindən öz vətəndaşları kimi qəbul olunur. Bu baxımdan həmin əhalinin təmsilçiləri ilə dialoqun qurulması, təşkili ölkə ərazisində olmalıdır. Bunun ölkədən xaricdə keçirilməsi heç bir məntiqə uyğun deyil. Burada söhbət Azərbaycan vətəndaşlarının tərkib hissəsi olan icma ilə dialoqdan gedir və bunun da təbii ki, Yevlaxda, Bakıda, eləcə də Azərbaycanın başqa bir yerində keçirilməsi daha uyğundur.

Ümumiyyətlə, Azərbaycanın maraqları baxımından yaxşı olardı ki, burada hər hansı bir vasitəçi iştirak etməsin. Dialoq Rusiyanın vasitəçiliyi ilə keçirilməməlidir, çünki burada Rusiyanın maraqları aydındır. Rusiyaya bu problemin qəti, köklü həlli sərf etmir. Nə qədər Rusiya burada iştirak edir, problemin qəti həllindən danışmaq çətindir. Əgər bu formada dialoq keçiriləcəksə, Azərbaycan burada xarici vasitəçi olmamasına çalışmalıdır”.


Qarabağ ermənilərinin bu dialoqdan imtina etmək kimi şanslarının olmadığını ifadə edən Şahin Cəfərli qeyd etdi ki, onlar müzakirələrdə iştirak etməyə, Azərbaycanla razılığa gəlməyə məhkumdurlar:

“Onların artıq separatçılığı davam etdirmək, Azərbaycana tabe olmamaq, ölkəmizə silah qaldırmaq kimi yolları tükənib. Digər destruktiv addımlar atacaqları təqdirdə də hər hansı nəticə əldə edə bilməyəcəklər. Xatırladım ki, Qarabağın erməni icması ilə dialoqun baş tutmasına mane olan kənar təsir qüvvələri, xüsusən də Rusiyanın sülhməramlı adlanan hərbi kontingenti onların seçimlərinə, addımlarına ciddi təsir edir.

Əgər Qarabağ erməniləri bundan sonra da qeyri-konstruktiv mövqe sərgiləyərsə, bunun arxasında Rusiyanın dayandığını təxmin etmək elə də çətin deyil. Qarabağdakı erməniləri cəsarətləndirə biləcək başqa güc yoxdur. Onları buna vadar edən güc məhz Rusiyadır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı