“Qarabağ İtkin ailələri” İctimai Birliyindən BMT-yə MÜRACİƏT

“Qarabağ İtkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:

“Biz – Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3890 nəfər azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından BMT-nin Baş katibi cənab Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Çaba Köröşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti cənab Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə müraciət edirik.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır və bu, insan kimi bizim hüququmuzdur.

Lakin biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq, Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina edir, bizi bitməyən əzaba, iztirablara məhkum edib. Analar və atalar itkin övladlarının həsrətilə, onların fotoşəkillərini sinələrinə sıxaraq bu dünyadan nisgillə ayrılırlar. Uşaqlar itkin valideynlərini yalnız onlar barədə deyilənlərdən təxəyyül edirlər. Bu, minlərlə ailədə hər gün üzləşdiyimiz faciə, dəhşət deməkdir.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində XX əsrin 90-cı illərində Azərbaycanın 20 faiz ərazisi işğal edildi, şəhərləri, kəndləri vandalcasına dağıdıldı, talan edildi, insanlar qətlə yetirildi, soyqırıma və etnik təmizləməyə məruz qaldı, 1 milyona yaxın Azərbaycan vətəndaşı qaçqına və məcburi köçkünə çevrildi, 20 min insan həyatını, 50 min insan sağlamlığını itirdi.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri qocadır.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. Apardığımız araşdırmalar təsdiq edir ki, I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir.

2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad edərək BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri özü icra etdi. Lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi oradan qovulmuş insanlara, o cümlədən itkin ailələrinə yurd yerlərinə getməyə imkan vermir. Bundan başqa, Ermənistan nə dəqiq mina xəritələrini, nə də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim etmir. Mina xəritələrinin verilməməsi səbəbindən son 3 ildə 300-dən artıq Azərbaycan vətəndaşı mina partlayışının qurbanına çevrilib.

Son illərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən itkinlərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələrin götürülməsi, DNT profillərinin çıxarılması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması bizdə böyük ümidlər yaradır. Ancaq qısa müddətdə 9 kütləvi məzarlığın aşkar edilməsi qəlbimizi göynədir.

Kütləvi məzarlıqlardan 1-i Kəlbəcər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndində, 2-si Şuşa rayonunun Daşaltı kəndində, 1-i Şuşa şəhərində, 1-i Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlığın izinə düşülüb, hazırda həmin istiqamətlərdə araşdırmalara başlanıb.

İnsanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir.

Sizdən xahiş edirik ki, Ermənistana çağırış edəsiniz ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin.

İtkin düşmüş şəxslər problemi qlobal mahiyyətlidir, təkcə Azərbaycan üçün aktual deyildir. Bu məsələ ilə səmərəli məşğul olmaq üçün BMT sisteminin də səylərini artırması vacibdir. Buna görə də Sizləri çağırırıq ki, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına öz töhfənizi əsirgəməyəsiniz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı