Veysəloğlu Şirkətlər Qrupu Bakıda ilk dəfə keçirilən “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası”nın sponsorudur.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə 6-12 avqust 2023-cü il tarixlərində Bakı şəhərində təşkil ediləcək beynəlxalq tədbirdə 35 ölkədən 265 gəncin iştirakı gözlənilir.
Gənclərin inkişafına xüsusi önəm verən Şirkətlər Qrupu Azərbaycanın zəngin tarixi-mədəni irsinin əcnəbi iştirakçılara yaxından tanıdılmasında, gənclərin mədəniyyətlərarası dialoqunun gücləndirilməsinə töhfə verməyə çalışır. Şirkətlər Qrupu hazırda 9000-dən çox gəncin iş yeridir.
Avropa Parlamentinin simulyasiyası əsasında keçiriləcək tədbirdə 12 fərqli mövzu üzrə “Komitə iclasları” və Baş Assambleyanın sessiyası təşkil olunacaq. Sessiyalarda Şirkətlər Qrupunun rəhbərliyinin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropa gənclərini vətəndaşlıq və mədəni anlaşmada fəal iştirak etməyə təşviq edən, siyasi cəhətdən bağlılığı olmayan beynəlxalq gənclər təşkilatıdır. 1987-ci ildə əsası qoyulan Avropa Gənclər Parlamenti Avropanın ən böyük gənclər platformalarından biridir. 2012-ci ildə “Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi təsis edilib.
Veysəloğlu Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.