Xəbər verdiyimiz kimi, hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Həftənin sonunadək, üsusilə, Abşeron yarımadasının isti hava dalğasının təsiri altında olacağı gözlənilir.

Metbuat.az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, hazırda müşahidə edilən hava bir çox insanlarda ciddi fəsadlar yarada bilər:

"Xüsusən, ürək-qan damar xəstəliklərindən, yüksək təzyiqdən, şəkərli diabetdən, qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən insanlara isti hava daha ciddi təsir edə bilər. Belə şəxslər havaya çıxma saatlarına diqqət etsinlər. Saat 11-17 arası günəşə çıxmaq tövsiyə olunmur. Səhər saat 11-dək, axşam saat 17-dən sonra günəşə çıxmaq məsləhətlidir. İsti havalarda, xüsusən, uşaqlar, 65 yaşından yuxarı şəxslər, xroniki xəstəliklərdən əziyyət çəkənlər diqqətli olsunlar".

Bu saatlarda çölə çıxmayın -

Terapevtin sözlərinə görə, hazırda bol maye qəbulu mütləqdir. Mümkün qədər ətdən hazırlanan yeməklərdən uzaq durmaq lazımdır:

"Bol-bol maye qəbul edilməlidir. Açıq rəngli və rahat geyimlərdən, qoruyucu eynəklərdən istifadə edilməlidir. Qidalanmaya gəlincə, ağır yeməklərdən maksimum uzaq dursunlar. Ət yeməyini yeyib çölə çıxmayın. Sərinləşdirici, yüngül qidalara, meyvə-tərəvəzə üstünlük verilməlidir".