Azərbaycanla Özbəkistanın enerji əməkdaşlığı üzrə İşçi qrupunun iclası olub

Daşkənddə “Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupu”nun ilk iclası keçirilib.

Metbuat.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda çıxış edən İşçi qrupunun həmsədri, nazir müavini Samir Vəliyev iki ölkənin siyasi münasibətlərinin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin energetika sahəsində əməkdaşlığın uğurlu inkişafına möhkəm zəmin yaratdığını qeyd edib, bildirib ki, qarşılıqlı əməkdaşlıq neft-qaz, neft və neft-kimya məhsullarının ticarəti, enerji sektorunda təcrübə və məlumat mübadiləsi kimi sahələri əhatə edir və ölkələrimiz arasında energetika sahəsində imzalanmış sənədlər bu istiqamətdə əlaqələrin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin hər iki ölkədə bərpa olunan enerji sahəsində böyük layihələrin həyata keçirildiyi, sahə üzrə fəaliyyət göstərən dövlət qurumları arasında əməkdaşlıq qeyd edilib.

İşçi qrupun Özbəkistan tərəfdən həmsədri, nazir müavini Akmal Cumanazarov isə Azərbaycan-Özbəkistan arasında energetika sahəsində əlaqələrin inkişafından, bu istiqamətdə müxtəlif dövlət qurumlarının sıx fəaliyyətindən bəhs edib, əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Özbəkistanda energetika, o cümlədən bərpa olunan enerji sahəsində həyata keçirilən tədbirlər, liberal enerji bazarına mərhələli keçidlə bağlı görülən işlər haqqında məlumat verib.

İclasda Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər, energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsinin icrası üzrə görülən nəticəyönümlü tədbirlər nəzərdən keçirilib, enerji keçidi, dekarbonizasiya, neft və neft-kimya məhsullarının nəqli, neft emalı, ölkəmizin işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı, geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq, eləcə də özəl investisiya hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji tənzimlənməsi, bu sahələr üzrə təcrübə mübadiləsinin aparılması və birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, həmçinin enerji qurumları arasında əməkdaşlıq məsələləri, iki ölkənin energetika nazirlikləri və “Özbəkneftqaz” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanması nəzərdə tutulan saziş layihələri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

İşçi qrupunun iclasında Azərbaycan tərəfdən Energetika Nazirliyi, qurumun Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR və “Azərenerji” ASC-nin nümayəndələrindən ibarət heyət iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı