Peşəkar mühasib sertifikatı imtahanına qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi üzrə sentyabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan edilib.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib. Namizədlər avqustun 11-i saat 14:00-dan sentyabrın 7-si saat 11:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub qeydiyyatdan keçə bilərlər. İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər: iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beşillik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından "İmtahana buraxılış vərəqəsi"ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Namizədlər PMS imtahanları ilə bağlı suallarını pms@dim.gov.az ünvanına göndərə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR