Bakıda azyaşlıların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Abil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs Abil Həsənova 5 il sürücülükdən məhrum etməklə 8 il azadlıqdan məhrum edilib.
Ötən il dekabrın 20-si saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Əliyev Qurban Polad oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Nəticədə, Qurban Əliyev və sərnişinləri - paytaxt sakinləri 13 yaşlı Lütfəlizadə Əminə Əhməd qızı və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Lütfəliyeva Nigar Elbrus qızı və İsmayılova Ülviyyə Eldar qızı isə xəsarət alıb.
Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan 5 nəfər sərnişin – Babayeva İradə Quli qızı, Babayeva Xatirə Babakişi qızı, Hüseynova Nayibə Ağaraza qızı, Babayeva Göyərçin Arif qızı və Zeynalova Təranə Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.