Uşaqları sosial şəbəkələrdə paylaşmağın fəsadları - MÜTƏXƏSSİS RƏYİ

Hazırda valideynlərin sosial şəbəkələrdə övladlarının necə gəldi foto və videolarını paylaşmaq, "Tiktok", "Instagram" kimi platformalarda "trend"lərə uşaqları alət etməkləri dəb halını alıb. Hətta vəziyyət o həddə çatıb ki, körpə dünyaya göz açan kimi onun adına profillər açılır və ilk gündən fotoları paylaşılmağa başlanır. Bir çox valideynlər uşaqların profilini qazanc yerinə çeviriblər desək, yanılmarıq.

Metbuat.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, internet, sosial şəbəkələr insanların həyatlarına daxil olandan sonra insanların münasibətlərində, həyat tərzlərində fərqli bir istiqamət baş qaldırıb. Onun sözlərinə görə, insanlar sanki hər şeylərini bölüşməyə can atırlar:

"İnsanların həyatlarında rəqəmsal dəyişikliklər başlayır. Bu da münasibətlərin kontentinə qədər təsir etməyə başlayıb. Ən qəribəsi odur ki, insanlar sanki hər şeyi bölüşməyə çalışırlar, sanki qiymətləndirmə istəyirlər. Elə bil ünsiyyət aclığı yaranıb. Onlara elə gəlir ki, bu paylaşımları ilə səmimi ortamdadırlar. Halbuki bu paylaşımlar sonradan onların əleyhinə çevrilən alət ola bilər. Lüzumsuz paylaşımlar həyatlarında çətinlik yarada bilər. Ümumiyyətlə, bu nə deməkdir? Çay içir paylaşır, su içir suyu paylaşır. Baxırsan ki, insanlar vaxtlarını belə lüzumsuz yerə xərcləyirlər. Faydalı işlər qalıb kənarda, sanki həyatlarını sosial şəbəkə üzərində rutinə çeviriblər. Bir müddət sonra başa düşürlər ki, zamanları hədərə gedib. Vaxtları paylaşımlarda və həmin paylaşımlarda olan rəylərə gedir. Sosial şəbəkələrə baxanda elə bilirsən ki, qeybət, dedi-qodu məkanıdır".

Ekspertin fikrincə, azyaşlıların fotolarını paylaşmaq etik deyil. Uşaq böyüdükdən sonra öz keçmişindən utana bilər:

"Uşaqlara gəlincə, onlar sosial şəbəkələrdəki bu durumu dərk etmirlər. Mən deyərdim ki, valideynlər də bundan sui-istifadə edir. Məsələn, uşaq 10 yaşına qədər etiraz etmir və ya onun etirazına fikir verilmir. Bu da etik deyil. Biri var taleyüklü, məna daşıyan paylaşımlar, müzakirələr, bir də var ki, boş və mənasız paylaşımlar. Düzdür, kimin üçünsə maraqlı, kimin üçünsə maraqsız ola bilər. Amma uşaqdan alət kimi istifadə etməyə nə lüzum var?

Uşaq rəy bildirmək gücündə deyil, bəlkə də həmin an dili olsa, deyər ki, bu nədir paylaşırsan? Məndən niyə istifadə edirsən? Həyatı belə mənasız rutinə çevirmək nəyə lazımdır? Sanki insanlar sosial auditoriyaya hesablanmış həyat tərzi yaşayır. Hər kəs ola bilirlər, özlərindən başqa. Sanki sosial və ictimai auditoriyanın adamıdır, özü deyil. Hansısa bir yolla özlərini gündəmə gətirmək istəyirlər. Uşaq böyüyəcək, dərk edəcək və düşünəcək ki, mən bu ortamda olmaq istəməmişəm. Elə paylaşımlar edirlər ki, uşaq böyüyəndə öz keçmişindən utana bilər. Ailə bir qəsrə bənzəyir, ailə özü olmalıdır. Hər şey bölüşülə bilməz. Hər şey paylaşılsa, özəl olaraq ailədə nə qalır? Qorxulu vəziyyətdir, bu tendensiya getdikcə böyüyür. Mən bunu etik saymıram, hesab edirəm ki, ictimai qınaq olmalıdır. Sosial şəbəkədə bu cür paylaşımlar etmək əvəzinə, daha faydalı işlər görmək lazımdır".

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən klinik psixoloq Gülşən Rüstəmova qeyd edir ki, hazırda davam edən bu tendensiyanın əsas səbəblərindən biri də cəmiyyətin belə foto və videolara olan marağıdır:

"Respublikamızdakı qanunvericiliyə görə, 18 yaşına qədər uşaqlar valideynin himayəsindədir valideyn onların səlahiyyətlərini təyin edirlər. Uşaqlardan bu cür qazanc yaxud da alqış üçün istifadə etmələri valideynlərin seçimləridir. Bu barədə, əslində, biz ya qınaq bildirə bilərik, ya da tövsiyə xarakterli məlumat paylaşa bilərik. Amma birmənalı şəkildə bu fəaliyyətlərini onlara qadağan etmək barəsində nəsə deyə bilmərik. Çünki bu bir seçimdir. Əslində, cəmiyyətdə belə bir aclıq olmasa, cəmiyyət belə videolara, şəkillərə, profillərə maraq göstərilməsə, bir müddətdən sonra valideynlərdə də bu həvəs ötüb keçəcək. Lakin təəssüflər olsun ki, insanlar da maraq göstərir. Körpə uşaqların videoçarxlarına baxmağa cəhd edirlər, yəni maraq göstərirlər. Ona görə maraq varsa, düşünürəm ki, bu, bir müddət davam edəcək".

Psixoloq qeyd edir ki, bu gün gülməli görünən hərəkət sabah aktuallığını itirə bilər. Bu da artıq həmin uşaqlarda əks reaksiya göstərə bilər:

"Uşaqların aspektindən baxsaq, bu məsələlərdə onlar seçim eləyə bilmirlər. Onlar bilmirlər yaxşıdır, pisdir. Düşünürlər hamı onlara baxır, dırnaqarası məşhurdurlar sair. Ona görə də, uşaqlara uşaq yaşlarında çox da pis təsir etməyəcək. Yeniyetməliyə qədəm basanda bu dəyişə bilər. Məlum məsələdir ki, yeniyetməlik dövrlərində uşaqlarda dəyişikliklər baş verəcək, çünki psixoloji cəhətdən alqışa öyrəşmiş, psixoloji cəhətdən "like"almağa ya baxışa öyrəşmiş bir uşaq yeniyetməlik dövründə bir boşluğa düşəcək. Bu məşhurluğun davamını gətirmək istəyəcəklər, hiss edəcəklər ki, davamı gəlmir. Axı yeniyetməliyin erkən dövrlərində onların hər hansı bir fəaliyyəti danışığa, gülmə hədəfinə çevrilmir, əksinə aqressiya yaradır. Ona görə də, uşaqlar özünə qapanıq olur.

Biz bunu informasiya şəklində sadəcə olaraq valideynlərə verə bilərik. Sadəcə olaraq tövsiyə edə bilərik ki, uşaqlarımızın şəkilləri ya videoçarxları həqiqətən onlara psixoloji sarsıntı gətirə bilər.

Son zamanlarda bir video çarx yayılıb, hətta demək olar ki, səhifələrin əksəriyyəti paylaşır demək olar ki, bu "trendə" qoşulan valideynlərin sayı günü-gündən artır. Yumurtanı uşaqların alnında sındırırlar. Bu artıq şiddətdir. Biz psixoloji, fiziki maddi şiddəti cəmiyyətin heç bir üzvünə göstərə bilmərik. Düşünürəm ki, bu, şiddətlə qəbul edilməlidir qınanılmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı