Müharibə yeganə çıxış yolu idi - İlham Əliyev

Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib.

    "Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu", - dövlət başçısı əlavə edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı