Bakı, 4 iyun, Ramiz Quliyev, AZƏRTAC
Rusiyanın Naberejnı Çelnı şəhərində yerləşən Tempo Boru Zavodu Azərbaycan şirkətləri ilə əlaqələr qurmaq niyyətindədir.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Ekspo Mərkəzində keçirilən XXII Beynəlxalq "Xəzər Neft və Qaz 2015" (“Caspian Oil and Gas 2015”) sərgisində böyük stendə malik zavodun marketinq üzrə mütəxəssisi Albina Ardaxanova deyib.
Onun sözlərinə görə, Tempo Boru Zavodu 300-dən artıq standart ölçülü polad borular istehsal edir. Bu borulara kvadrat və düzbucaq seksiyalı, elektro qaynaq edilmiş və korroziyaya davamlı borular daxildir.
A.Ardaxanova bildirib ki, müəssisədə istehsal olunan məhsullar iqtisadiyyatın inşaat, kənd təsərrüfatı, avtomobil, neft-qaz sahələrində istifadə olunur. Boru zavodunun istehsal gücü ildə 700 min ton təşkil edir. Hazırda zavodda beynəlxalq "APİ" standartlarına uyğun sertifikatlaşdırma həyata keçirilir.