İsveçli azarkeşlər Musa Qurbanlıya tərif yağdırdı

Azərbaycan millisinin hücumçusu İsveçdə adından söz etdirir.

İyulun əvvəlində Skandinaviya təmsilçisi “Yurqarden”lə anlaşan Musa Qurbanlı ilk matçlarda qol vurmaqda çətinlik çəksə də, artıq bu baxımdan narahatlıq yoxdur.

21 yaşlı forvard komandasının son iki oyununda vurduğu qollarla adından söz etdirməyi bacarmaqdadır. İndi İsveçdə hamı ondan danışır.

Musa “Yurqarden”in “Deqerfors”u 4:1 hesabı ilə məğlub etdiyi sonuncu görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə komandasının ən yaxşısı kimi fərqlənib.

Həmyerlimiz qarşılaşmadan sonra “instagram” hesabında paylaşım edərək bu sözləri yazıb:

“Fantastik azarkeşlərimizin önündə ilk qollarımı vurmaq fantastik hislərdir. Verdiyiniz möhtəşəm dəstəyə görə çox sağ olun”.

Qurbanlının paylaşımına isveçli fanatların yazdığı şərhlər maraq doğurub. Biri Azərbaycana təşəkkür edib, digəri onun üçün nəğmə qoşduqlarını qeyd edib. Böyük əksəriyyət ona xilaskar rolunda gördüyünü yazıb.

Metbuat.az sportinfo.az-a istinadən həmin mesajları təqdim edir:

“Musa, bu cür davam etsən, sən bu liqanın ən yaxşısı olacaqsan. Çox sağ ol, Musa. Bu cür futbolçuya görə Azərbaycana təşəkkür edirəm”.

“Şouya görə çox sağ ol. Bu cür davam et, günlərin birində het-trik özü səni tapacaq”.

“Musa! Musa! Biz sənin adına nəğmə qoşmuşuq. Musa! Musa! Əminəm ki, karyeran uğurlu olacaq”.

“Musa, səni sevirik və yanındayıq”.

“Möhtəşəm performansdır. Son 2 oyunda etdiklərinə görə sənə 5 düşür. Dayanmaq yoxdur, Musa”.

“Xəyallarımızın gerçəkləşməsinə səbəbkar olan adam. Dayanmaq yoxdur, yalnız davam”.

“Əvvəldən demişdim, əla futbolçudur. “Yurqarden” istədiyi əsl hücumçunu tapıb”.

“Stokholmun yeni şahı peyda olub”.

“Müdhiş oyunçudur. Bizə çempionluq sevincini yaşadacağına şübhə etmirəm”.

“Nəhayət, “Yurqarden” istədiyi əsl hücumçunu tapdı. Mövqe seçimi əla, son zərbələri də yerində. Musa bizi zirvələrə daşıyacaq”.

Musa Qurbanlı “Yurqarden” formasıyla meydana çıxdığı 8 qarşılaşmada 383 dəqiqə şans qazanmaqla vurduğu 3 qolla yadda qalıb.

Paytaxt təmsilçisi 21 turdan sonra topladığı 37 xalla Allsveskanda 4-cü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR