İƏT nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 2-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Metbuat.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri Ulu Öndərin abidəsi önünə əklil qoyub.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İƏT MDİHK-in sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.

Nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı