Ermənistan mediasının fəaliyyəti sülhyaratma prosesinə qarşı yönəlib

Sülhə çağırış medianın fəlsəfəsindən irəli gəlir. “Jurnalist sülhün, humanizmin, demokratiyanın, tərəqqinin, qəsbkarlığa qarşı mübarizənin müdafiəsi qismində çıxış etməlidir. Bu mövzuda dünyanın bütün jurnalistləri ilə həmrəylik nümayiş etdirməlidir” - deyə, nəzəriyyəçilər sülhyaratma prosesində medianın rolunu önə çəkirlər. Münaqişə tərəfi olmuş icmaların sülhə hazırlanması üçün istifadə edilməsi tövsiyyə olunan alətlərdən biri kimi medianın fəaliyyətini yüksək qiymətləndirirlər.

Amma medianın sülhyaratma prosesinə cəlb edilməsi yönündə problemlər də mövcuddur. Beynəlxalq statuslu Free Press Unlimited təşkilatının hazırladığı “Sülh quruculuğu və media” adlı hesabatda, həmçinin, “Deutsche Welle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və münaqişə hesabatı”nda jurnalistlərin sülh quruculuğu prosesinə cəlb edilmələrinə neqativ təsir göstərən amillərin təsnifatı verilir. Qeyd edilir ki, jurnalistlər özləri də münaqişədə tərəf olmuş icmalardan birinin üzvüdürlər. Bu, onların emosional halını formalaşdırır. Nəticədə jurnalistlərin sülh quruculuğu prosesində obyektiv, qərəzsiz, peşəkar iştiraklarını əngəlləyir. Təhlillər göstərir ki, ölkədəki mühit, icmaların emosional durumu KİV və jurnalistlər üçün də mühüm təsirə malik olan amildir.

Hazırda Azərbaycanla Ermənistan arasında mövcud olan problemlərdən biri də bu amillə bağlıdır. İki ölkə arasında müharibə 2020-ci ildə bitib. Üç ilə yaxındır ki, Ermənistanla Azərbaycan rəsmi qaydada sülh danışıqları aparırlar. Amma Ermənistan mediasında paylaşılan materialları təhlil edərkən, erməni cəmiyyətinin sülhə hazırlandığı müşahidə olunmur. Ermənistanın nə siyasi qruplarının bəyanatlarında, nə vətəndaş cəmiyyəti institutlarının açıqlamalarında,nə də mediasının fəaliyyətində sülhə yönəlikdavranış görünmür.

Ermənistanın mediası nəinki öz cəmiyyətlərində sülhə meyl yaradılması üçün çalışmır, əksinə,cəmiyyətdə qisasçılıq hissinin artırılmasında rol alan, sülhyaratma prosesini pozmağa çalışan siyasi mərkəzlərin tribunasına çevrilir. Rəqib ölkənin KİV subyektlərinin, jurnalistlərinin sülh quruculuğuna deyil, sülh danışıqlarının pozulmasına, qisasçılıq ruhunun artmasına xidmət etmələri Azərbaycan jurnalistlərini də çətin duruma salır. Azərbaycan mediasını cavab tədbirləri görmək məcburiyyəti qarşısında qoyur.

Problemin kökü Ermənistanın hərbi-siyasi rəhbərliyinin, erməni diaspor və lobbi qruplarının fəaliyyətinə dayanır. Baş nazir Nikol Paşinyan Azərbaycanın sülh çağırışlarına cavab olaraq bəyan edir ki,onun ölkəsi Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün çalışır. Baş nazir bu cür bəyanatları ən yüksək tribunalardan elan edir. Məsələn, 18 fevral 2023-cü ildə Münhen Təhlükəsizlik Konfarnsı çərçivəsində keçirilən debat zamanı, bütün dünya ictimaiyyətinin gözü qarşısında “Ermənistanın sülh istədiyini” iddia etdi. Yaxud, 2 avqust 2023-cü il tarixdə “Euronews” televiziyasında yayımlanan müsahibəsi zamanı da eyni iddianı təkrarladı. Amma real addımlarında bunun əksini edir. İki ölkə arasında sülhün bağlanılması üçün gərəkən gerçək addımları atmır. Yüksək tribunalarda verdiyi sülh bəyanatlarını özünün real addımları ilə təsdiqləmir. Bu, təkcə baş nazir Nikol Paşinyanın deyil, ümumilikdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin, erməni diaspor və lobbi qruplarının fəaliyyətinə müşahidə edilən amildir. O cümlədən, Ermənistanın media ictimaiyyətinin fəaliyyətində də özünü göstərir. Məsələn, Azərbaycan tərəfi 21-23 iyul 2023 tarixdə Şuşada Qlobal Media Forumu keçirdi. 150 xarici KİV qurumunun, 12 beynəlxalq təşkilatın, ekspertlərin iştirakı ilə medianın müasir trendləri, rəqəmsal transformasiyanın ortaya çıxardığı çağırışları müzakirə etdi. Problemlərin həlli üçün təkliflər səsləndirildi, yeni dövrün hərəkət istiqamətləri müəyyənləşdirildi. Ermənistan mediası bu Forumu gələcək əməkdaşlıq üçünyaxşı fürsət kimi dəyərləndirmək əvəzinə, heç bir zərurət olmadan Foruma qarşı kəskin əks reaksiya göstərdi. İyulun 22-də Ermənistanın11 jurnalist təşkilatı Şuşa Qlobal Media Forumun iştirakçılarına müraciət edərək, onları təhdid etdilər. Qonaqların Forumu tərk etmələri üçün cəhdlər göstərdilər. Bununla da sübut etdilər ki, iki ölkə arasında sülhün yaradılması üçün deyil, əksinə, pozulması üçün çalışırlar. Belə davranış nə beynəlxalq normalara, nə də etik standartlara uyğun deyil. Sübut olundu ki, Ermənistan mediası hərbi-siyasi çevrələrin tribunasına çevrilib.

Azərbaycan mediası Ermənistan tərəfinin bu bədnam hərəkətinə təmkinlə, peşə prinsiplərindən çıxış edərək reaksiya göstərdi. Azərbaycan Mətbuat Şurası müraciət yayaraq, Ermənistan mediasını peşə həmrəyliyinə çağırdı. Sülh pozuculuğuna deyil, sülh quruculuğuna yönəlik addımlar atymağı tövsiyyə etdi.

Təəssüf ki, Ermənistan mediası cəmiyyətlərin barışına yönəlik çağırışlara məhəl qoymur, sülh prosesinin pozulmasına yönəlmiş addımlar atır. 2023-cü ilin iyul ayından etibarən Ermənistan mediası üzərində həyata keçirdiyimiz sistemli monitorinqlərin nəticələri bu faktı bir daha təsdiqləyir. Dərc edəcəyimiz növbəti 4 məqalədə Ermənistan mediasının sülh əleyhinə fəaliyyətini təsdiqləyən konkret nümunələr təqdim ediləcək.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı