Avqust ayında Ermənistan mediasında qeydə alınan sülh əleyhinə çağırışlar

Avqust ayı Ermənistanla Azərbaycan arasında gərginliyin artması ilə müşaiyət olundu. Bu ay ərzində Ermənistan Laçın yoluna dəhliz statusu verilməsi üçün təkidli tələblərlə çıxış etdi. Öz tələblərini əsaslandırmaq üçün Qarabağ regionunda “humanitar böhran” yaşanması barədə yalançı iddialar irəli sürdü, qlobal kampaniya həyata keçirdi.

Beynəlxalq ictimaiyyətin diqqətini bu mövzuya yönəltmək üçün Ermənistan iyulun 27-də “Qarabağa humanitar yük daşımaq” adı altında 19 maşınından ibarət karvanı Laçın sərhəd keçid məntəqəsinə göndərmişdi. Ərazisindəki Qərb ölkələri səfirliklərinin təmsilçilərini də karvana müşayiətçi qismində cəlb etmişdi.

Ermənistan bu avantürist hərəkətlərini avqust ayında da davam etdirdi və daha da intensivləşdirdi. Fransa və digər himayəçilərinin dəstəyindən faydalanaraq, avqustun 16-da “Laçın dəhlizi” mövzunu BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardı. Azərbaycana qarşı sanksiyalar tətbiq etdirməyə çalışmaqla, iki ölkə arasındakı gərginliyi pik həddinə qaldırdı.

Ermənistan mediası bu məsələdə də revanşist siyasi çevrələrin ruporuna çevrildi. Ölkə KİV-ləri qondarma əsaslarla irəli sürülmüş “Laçın dəhlizi” kampaniyasının müdafiəçisi rolunda çıxış etdilər. Heç bir halda xatırlatmadılar ki, Qarabağda “humanitar böhranın yaşanması” barədə Ermənistan siyasi hakimiyyətinin verdiyi məlumatlar əsassızdır. Ermənistanın Laçın yolundan humanitar yük adı altında silah-sursat daşıdığını, bunun isə gərginliyin əsas səbəbi olduğunu qeyd etmədilər. Onlar 2023-cü ilin 15 iyun tarixində Laçın sərhəd buraxılışı məntəqəsinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını, silahlı təxribatın törədilməsini, Azərbaycan hərbçisinin yaralanmasını xatırlatmadılar.

Mövzu üzrə mübahisələrin davam etdiyi dövrdə heç bir Ermənistan KİV-i 10 noyabr 2020-ci il tarixində Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyannamənin müddəalarını diqqətə çatdırmadı. Qeyd edilmədi ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə Azərbaycanla yanaşı Ermənistanın da üzərinə kommunikasiyaların açılması öhdəliyini qoyur. Amma Ermənistan Azərbaycanın mərkəzi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın açılmasına heç bir şərait yaratmır.

Beləliklə, Ermənistan KİV-ləri mövzu üzrə birtərəfli, qeyri-obyektiv, yalançı informasiyalar tirajlamaqla Ermənistan cəmiyyətində aqressiyanı, revanş hissini alovlandırmağa çalışdılar.

Avqustun 16-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən Kəlbəcər rayonu ərazisində Azərbaycanın dövlət sərhədinin pozulması faktı qeydə alındı. Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti dövlət sərhədini qanunsuz olaraq keçdiyi üçün saxlanılıb həbs olundu, istintaqa cəlb edildi. Ermənistan mediası Voskanyanın sərhədi qanunsuz pozmasının hüquqi məsuliyyət yaratması barədə yazmadı. Əksinə, heç bir arqumental əsaslandırma olmadan, diversantın hərəkətlərinə haqq qazandırmağa çalışdı. Birtərəfli qaydada Azərbaycanı ittiham etdi. Onların təqdimatlarında belə absur ideya səsləndirilirdi ki, Azərbaycan sərhəddini Qarabağ istiqamətindən pozmaq məsuliyyət yaratmamaılıdır. Heç bir erməni KİV-i Voskanyanın Azərbaycan sərhədini pozmasının məsuliyyətini sorğulamadı. Yalnız Azərbaycanı ittiham etdilər. Bu azmış kimi, Ermənistan hökuməti “hərbçinin əsir götürülməsi ilə bağlı” Avropa Məhkəməsinə müraciət edərək, Azərbaycana qarşı müvəqqəti tədbir görülməsini tələb etdi.

Avqustun 28-də Laçın sərhəd keçid məntəqəsində Ermənistanın 3 futbolçusu - Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan saxlanıldılar. Onlar Azərbaycan Bayrağına və digər dövlət atributlarına qarşı nalayiq hərəkətlər etməkdə qınandılar. Saxlanılan gənclər günahlarını etiraf etdilər, hərəkətlərinin fərqinə varmadıqlarını, özlərinin rəhbərləri tərəfindən bu işə təhrik edildiklərini bildirdilər. Azərbaycan tərəfi gənclərin səmimi etiraflarını nəzərə alaraq, onların üzərindən həbs qərarını götürdü. Qısa müddətli - 10 günlük tənbeh tədbiri verildi. Bu müddət ərzində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin, həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi təmsilçilərinin onlarla sıx təmaslarına şərait yaradıldı.

Ermənistan mediası isə bu məsələni də tərsinə şərh etdi. Azərbaycanın həmin şəxslərlə humanist davranışı barədə heç bir informasiya vermədi.

Avqust ayı ərzində Ermənistan mediası daha bir çirkin kampaniyaya imza atdı. Qarabağdakı yalançı “humanitar böhran” kampaniyasını xristian-müsəlman davası kontekstində şərh etməyə çalışdılar. 31 avqust 2023-cü il tarixdə “ABŞ-dakı xristian birliklərinin liderləri Baydeni Artsaxın blokadasına son qoymaq üçün təcili tədbirlər görməyə çağırırlar” başlığı ilə informasiyalar yaydılar.

2023-cü ilin avqust ayında keçirilmiş monitorinqlərin nəticələri sübut etdi ki, Ermənistan mediası iki ölkə arasında sülhün yaradılması üçün deyil, əksinə, pozulması üçün çalışırlar. Belə davranış nə beynəlxalq normalara, nə də etik standartlara uyğun deyil.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı