İyul ayında Ermənistan mediasında qeydə alınan sülh əleyhinə çağırışlar

Azərbaycanla Ermənistan arasında üç ilə yaxın müddətdə rəsmi müstəvidə sülh danışıqları aparılsa da, Ermənistan cəmiyyətinin sülhə hazırlandığı müşahidə olunmur. Bu ölkənin vətəndaş cəmiyyəti institutlarının açıqlamalarında, mediasının fəaliyyətində sülhə yönəlik davranış görünmür.

Ermənistan mediası ümumi prinsiplərə zidd davranaraq, öz cəmiyyətlərində sülhə meyl yaradılması üçün çalışmır. Əksinə, cəmiyyətdə qisasçılıq hissinin artırılmasında rol alan siyasi fiqurların tribunasına çevrilir. Sülh prosesinin pozulmasına, qisasçılıq ruhunun artmasına xidmət edən bu cür davranış Azərbaycan jurnalistlərini də çətin duruma salır, cavab tədbirləri görmək məcburiyyətində qoyur.

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi Ermənistan mediasının sülhyaratma dövründə yanlış yol tutduğunu, sülh əleyhinə çıxışların tribunasına çevrildiyini isbatlamaq üçün faktoloji mənbə yaradıb. Üç ay müddətində Ermənistan mediası üzərində sistemli monitorinq aparılıb. Bu məqsədlə ingilis və rus dilində versiyası olan 3 Ermənistan KİV-i (1 müstəqil, 1 müxalifyönlü, 1 iqtidaryönlü KİV subyekti) monitorinqə cəlb edilib. Həmin KİV-lərdə dərc edilmiş sülh əleyhinə çağırışlar, Azərbaycana qarşı nifrət çıxışları toplanılaraq təsnifatlaşdırılıb. Sülh əleyhinə çağırışları ehtiva edən materiallardan ibarət olan hesabatlar hazırlanıb.

2023-cü ilin iyul ayı Ermənistanla Azərbaycan arasında aparılan 3 illik rəsmi sülh danışıqları prosesində yeni elementlərin üzə çıxması ilə əlamətdar oldu. Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi brifinqdə Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdi. Düzdür, Nikol Paşinyan 2023-cü il may ayının 17-də Azərbaycanın 86.6 min kvadrat kilometrlik ərazisini tanıdığını bildirməklə, sülh danışıqları prosesində yeni bir mərhələyə keçid üçün imkan yaratmışdı. Amma 17 may açıqlamasında Qarabağ regionu ilə bağlı düşüncələrini konkretləşdirməmişdi. Azərbaycan Prezidenti İlham Əliyevdə bu məqamın üzərində dayanaraq Ermənistanın baş nazirindən öz fikirlərini sonadək açıqlamağı, Qarabağ regionu ilə bağlı mövqeyinin ifadə olunmasını tələb etmişdi. Nikol Paşinyanın 25 iyul açıqlaması Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisi daxilində Qarabağ regionunun da tanınmasının etirafı oldu.

Problem ondadır ki, iki ölkə arasında sülhün əldə edilməsi üçün mühüm elementə çevrilməli olan bu açıqlama Ermənistan mediasında kəskin əks reaksiya ilə qarşılandı. Ermənistan mediası Nikol Paşinyanın bəyanatının qeyr-legitim olduğunu əsaslandırmaq yönündə fəaliyyət qurdu. Monitorinqə cəlb edilmiş Ermənistan KİV-lərinin heç birində 25 iyul bəyanatının təşviq edilməsi, həmin açıqlamanın sülh üçün fürsətə çevrilməsi müşahidə olunmadı.Əksinə,

Ermənistan KİV-ləri sülh əleyhinə fəaliyyətləri ilə məşhur olan siyasi fiqurlardan müsahibələr alaraq dərc etməklə, sülh danışıqlarında irəliləyişin əldə edilməsini pozmağa çalışdılar. Məsələn, monitorinqini apardığımız KİV-ləri Ermənistan parlamentinin spikeri Alen Simonyana istinadən məlumat yaydılar ki, guya Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır. Alen Simonyan çağırış edirdi ki, “Biz həmişə, hər dəqiqə hücuma hazır olmalıyıq”.

Belə davranışı ilə Ermənistan mediası sülhün əldə edilməsinə qarşı fəaliyyət göstərdiyini təsdiqləmiş oldu.

İyul ayı ərzində diqqət çəkən daha bir hadisə Laçın dövlət sərhədinin buraxılış məntəqəsində Vaqif Xaçaturyanın saxlanılması oldu. Vaqif Xaçaturyan 30 il əvvəl azərbaycanlılara qarşı Qarabağ regionunda törədilmiş soyqırımı aktlarının iştirakçısı olub. Şəxsən özü “Meşəli soyqırımı” adlandırılan qətliamı təşkil edib. Üzv olduğu cinayətkar dəstə ilə birgə Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə yaşadıqları yerdən didərgin salıb. Bu fəaliyyətinə görə haqqında cinayət işi açılıb, beynəlxalq axtarışa verilib. 2023-cü il iyulun 29-da şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.

Ermənistan KİV-ləri Vaqif Xaçaturyanın saxlanılmasını obyektiv formada şərh edən, faktı hüquqi müstəvidə qiymətləndirən heç bir açıqlama yaymadılar. Dərc olunan bütün məqalələr Xaçaturyanın müdafiəsinə yönəldi.

2023-cü ilin iyul ayında keçirilmiş monitorinqlərin nəticəsi olaraq Ermənistan mediasının daha bir problemi üzə çıxdı. Bəlli oldu ki, Ermənistan mediasının sülh əleyhinə fəaliyyəti təkcə sülh əleyhinə çıxış edən fiqurlara, mərkəzlərə tribuna verməklə yekunlaşmır. Bu ölkənin media ictimaiyyətinin özüsülh əleyhinə yönələn proseslərin önündə gedir, stimullaşdırıcı qüvvə kimi çıxış edir. Bu fakt 2023-cü il iyulun 21-23-də Şuşada keçirilən Qlobal Media Forumu kontekstində təsdiqini tapdı. Ermənistan mediası Azərbaycanın təşəbbüsü ilə baş tutan bu Beynəlxalq Forumu gələcək əməkdaşlıq üçünyaxşı fürsət kimi dəyərləndirmək əvəzinə, heç bir zərurət olmadan Foruma qarşı kəskin əks reaksiya göstərdi. İyulun 22-də Ermənistanın 11 jurnalist təşkilatı Şuşa Qlobal Media Forumun iştirakçılarına müraciət edərək, onları təhdid etdilər. Foruma qatılan xarici jurnalistlərin tədbiri tərk etmələri üçün cəhdlər göstərdilər.

Şuşa Qlobal Media Forumuna qarşı yönəlmiş çağırışı imzalayan 11 jurnalist təşkilatı Ermənistanın ən məşhur media təsisatlarıdırlar.

Onlar bu davranışları ilə sübut etdilər ki, iki ölkə arasında sülhün yaradılması üçün deyil, əksinə, pozulması üçün çalışırlar. Belə davranış nə beynəlxalq normalara, nə də etik standartlara uyğun deyil.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı