Valideynlər direktorların çaldığı havanı oynayırlar - Sosioloq

"Əfsus ki, valideynlər şikayət etmir, direktor nə çalırsa, o havaya oynayırlar".

Metbuat.az xəbər verir ki, bu sözlər saytımıza açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, bu ildən vahid məktəb formaları tətbiq edilir, lakin formaların 3 il müddətinə nəzərdə tutulmağı düzgün deyil:

"Yeni forma tətbiqində 3 ildən bir formanın rənginin pedaqoji şurada müzakirəyə çıxarılacağı fikri absurddur. Ən yumşaq ifadə ilə bu valideynlərin cibinə girməkdir. 3 övladını məktəbə göndərməli olan valideyn böyük övladının kiçilən formasını kiçik övladına geyindirməklə ailə büdcəsinə qənaət etmiş olur, lakin uşaqlar arasında 3 il müddət varsa və böyüyün forması kiçiyə 3 il sonra olursa, bu mümkün olmayacaq. Çünki hər işıq gələn yerdən pul qazanmağa çalışan, yumurtadan yun qırxan bəzi məktəb direktorları üçün bu qazanc mənbəyinə çevriləcək".

Sosioloq bildirib ki, məktəblərdə direktorlar özləri qayda-qanun qoyur. Valideynlər isə bu məsələdən şikayət etmir:

"Qeyd edim ki, məktəblərin daxili nizamnaməsinə görə, Pedaqoji Şura öz geyim formalarını seçmək ixtiyarına sahibdir. Daha bu nə vahid formabazlıqdır? Yenə də vahid forma olmayacaq axı, hər məktəbin öz geyimi olur. Görünən odur ki, direktorlar heç 3 il də gözləməyiblər, keçən il köhnə forma ilə yanaşı, yeni forma da tətbiq edilən bəzi məktəblərdə bu il fərqli rəngli forma tələb edilir. Bəzi məlumatlara görə, keçən il yeni formanın rəngini seçib şagirdlərə aldıran məktəblər bu il həmin formanı qəbul etmirlər. Valideynlərə yeni rəng forma almağı tapşırıblar. Əfsus ki, valideynlər şikayət etmir, direktor nə çalırsa, o havaya oynayırlar".

O həmçinin bildirib ki, bəzən məktəblərdə direktorlar qızlara şalvar geyinməyə icazə vermir:

"Valideynlərə "ultimatum" verən məktəb direktorları var. Qızlara vahid məktəbli formasının dəstinə daxil olan şalvarın alınmaması barədə qadağa qoymaq istəyirlər. Bildirilib ki, geyinməyə icazə verilməyəcək. Halbuki qızlar üçün şalvar Nazirlər Kabinetinin təsdiqlədiyi vahid formanın qış versiyasına daxildir və geyinilməsi üçün heç bir problem yoxdur. Yəni konkret olaraq qızlar üçün qış geyim dəstində şalvar da nəzərdə tutulub. Valideynlər hüquqlarını bilsə, heç bir direktor bu cür qadağa qoya bilməz".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı