Hansısa bir təxribata Azərbaycan hərbi əməliyyatla cavab verəcək - Polkovnik

"Ermənistanla hələ sülh müqaviləsi bağlanmayıb, sərhədlər müəyyənləşməyib, eyni zamanda atəşkəsin tez-tez pozulması müharibənin aktiv fazaya keçməsi barədə məlumat verir".

Bunu Metbuat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsi veteranı, hərbi ekspert Şair Ramaldanov deyib. Onun sözlərinə görə, bütün bunlara səbəb Ermənistanın hərbi-siyasi rəhbərliyinin tutduğu qeyri-konstrutiv mövqeyidir:

"Separatçıların Azərbaycan ərazisində açıq-aydın Azərbaycana qarşı hərəkətləri göstərir ki, vəziyyət getdikcə gərginləşir. Gündən-günə terrorçuların artırılması, mövqelərin gücləndirilməsi deməyə əsas verir ki, gec-tez Azərbaycan anti-terror əməliyyatı aparmağa məcbur olacaq. Şərti sərhəddə də vəziyyət gərgindir. Atəşkəsin pozulduğu coğrafiyanın genişlənməsi bir daha Ermənistanın bu gün məhz vəziyyəti gərginləşdirməyə çalışdığının göstəricisidir. Belə olduğdu halda, Azərbaycan şərti sərhəddə təhlükənin uzaqlaşdırılması üçün hansısa əməliyyat barədə qərar qəbul edə bilər. Çünki biz şərti sərhəd yaxınlığında yaşayış yerlərini daim təhlükə altında saxlaya bilmərik".

Polkovnik bildirib ki, hazırda yaranmış vəziyyətə görə Qarabağda anti-terror əməliyyatlarını istisna etmir:

"Bu gün Ermənistanın separatçılara təsiri, separatçıların gündən-günə həyasızlaşan mövqeyi və onlara himayədarlıq edən sülhməramlılar məhz bu vəziyyətə gətirib çıxarır. Belə olduğu halda hər bir dövlətin vəzifəsidir ki, əhalisinin təhlükəsizliyini təmin etsin. Bundan irəli gələrək Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz silahlıları tərki-silah etmək antiterror əməliyyatlarının baş verməsi nəticəsində baş tuta bilər.

O ki qaldı müharibəyə, müharibə davam edir. Sadəcə atəşkəs rejimidir. Müharibə ya aktiv fazaya keçə bilər, ya da atəşkəs rejimində davam edə bilər. Düşünürəm ki, bu təxribatlar belə davam etməz. Hansısa bir təxribata Azərbaycanın aktiv anti-terror və digər əməliyyatları ilə cavab veriləcək".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı