ABŞ-Ermənistan təlimləri: İrəvan Rusiyanı ölkədən çıxarır

Ermənistan ABŞ-la birlikdə 11-20 sentyabr tarixlərində “Qartal tərəfdaşı 2023” təlimləri keçirəcək.

Təlimlərdə ABŞ-nin 85 hərbçisi, 101-ci Hava Desant Diviziyasının 1-ci Briqadası və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcək. Ermənistan tərəfdən 175 erməni hərbçinin iştirakı nəzərdə tutulub. Bəzi məlumatlara görə, təlimə gələcək ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalları var.

Ermənistanın KTMT-nin üzvü olduğu halda NATO-nun aparıcı qüvvəsini ölkəsinə dəvət edərək hərbi təlimlər keçirdiyini deyən politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, bu addım ilə İrəvan açıq şəkildə Rusiyanı ölkəsindən çıxarmağa çalışdığını göstərir:

“Təlimlərdə iştirak edən hərbçilərin müəyyən bir müddət ərzində Ermənistanda qalması mümkündür. ABŞ-nin orada kiçik hərbi bazasını yaratmaq məsələsi də gündəm ola bilər. Çünki bu gün ABŞ-nin dünyada ikinci ən böyük səfirliyi ilə Ermənistanda fəaliyyət göstərir. Bu təsadüfi hal deyil. Yəni görünür Ermənistan ABŞ üçün də strateji önəmə sahib bir yerdir. Nəticədə, regiondan Rusiyanı sıxışdırıb çıxarmaq və daha yaxından məsafədən İrana nəzarət etmək ABŞ üçün çox önəmlidir”.

ABŞ-nin bu addım ilə həm də Cənubi Qafqazdan keçən Çinin “Bir kəmər, bir yol layihəsinə” nəzarət mexanizmi tətbiq etmək imkanı əldə edəcəyini qeyd edən Samir Hümbətov hesab edir ki, Ermənistan bu formada təxribatları davam etdirərsə Paşinyan hökümətinə qarşı ciddi təbliğat aparıla bilər.

“Mənim fikrimcə, Nikol Paşinyanın hakimiyyətin devilməsi üçün əllərindən gələni edəcəklər. Paşinyanın nə addım atacağı bəlli deyil. Bir müddət öncə KTMT-dən nümayəndəsini geri çağırsa da, hələ də yerinə təyinat edilməyib. İrəvanda keçirilən KTMN-nin sonuncu iclasında sənədi də imzalamadı. Bütün bunlar təsadüf sayila bilməz.

Görünür, baş verənlər daha öncədən hesablanmış və Paşinyana müəyyən dairələrdən verilmiş təlimat əsasında görülən işlərdir. Ermənistana çox böyük zərbə dəyəcək. Proses bu cür davam eləsə, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə də ciddi zərbə dəyməsi qaçılmazdır”,- deyə politoloq qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı