Gənc fotoqraflar üçün düşərgə başa çatıb - FOTO

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təşkilatçılığı ilə Şəki rayonunda 8-11 sentyabr tarixlərində fərqli regionları təmsil edən iştirakçıların qatıldığı “Fotoqraflar düşərgəsi” keçirilib.

Düşərgə çərçivəsində təşkil olunan təlimlərdə gənc fotoqraflar turizm fotoqrafiyası, peyzaj və landşaf çəkilişləri, naturada çəkiliş, portret, reportaj çəkilişləri, çəkilişlər zamanı əməl edilməli olan təhlükəsizlik tədbirləri, protokol qaydaları çərçivəsində rəsmi tədbirlərdə çəkilişlərin aparılması, fototexnika, sosial medianın idarə edilməsi kimi mövzular üzrə ətraflı məlumatlandırılıb, master-klaslarda fotoqraf peşəsinin incəlikləri ilə bağlı yeni bilik və bacarıqlara yiyələniblər.

İştirakçılar peşəkar fotoqrafların təlimatları əsasında, Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində, Şəki Xan Sarayı və şəhərin mərkəzi küçələrində, Heydər Əliyev Mərkəzində, Qax rayonuda yerləşən “İçəribazar” qala kompleksində, Ulu körpü, Sumuq qala və Ulu məsciddə çəkilişlər aparıblar.

Hər günün sonunda gənc fotoqrafların komanda şəklində təqdim etdikləri ən yaxşı fotolar təlimçilər tərəfindən seçilərək dəyərləndirilib, o cümlədən çəkilişlər əsasında ümumi müzakirə və sual-cavab təşkil olunub.

Düşərgənin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, layihə regionlarda peşəkar fotoqrafların formalaşmasına dəstək vermək, gələcək layihə və tədbirlərdə onlarla səmərəli əməkdaşlığın qurulmasına zəmin yaratmaq məqsədi daşıyırdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR