“Toqquşmalar olacaq" - Elmar Məmmədyarov

“Ermənistan siyasi hakimiyyəti vəziyyəti düzgün qiymətləndirə bilmir, tarixdən dərs çıxarmır".

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan tarixdən ibrət dərsi çıxarsa daha yaxşı olardı: “Halbuki biz bunu görmürük. 44 günlük müharibədən sonra Ermənistan başa düşməli idi ki, ən ideal yol sülh müqaviləsini imzalaması, delimitasiya və demarkasiyanı ləngitməməkdir. Amma baş nazir Nikol Paşinyan və komandası destruktiv siyasətini davam etdirir. Bu isə gərginliyə rəvac verir”.

E.Məmmədyarovun fikrincə, Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibənin başlanması real deyil: “Amma toqquşmalar olacaq. Bunun səbəbi isə İrəvanın davam etdirdiyi təxribatlardır. Məsələ ondan ibarətdir ki, Paşinyan son çıxışlarında yenə də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. O, daxili və xarici auditoriya üçün fərqli ritorika ortaya qoyur. Bu isə yaxşı deyil. Görünür, Azərbaycan sülhə məcburetmə əməliyyatına başlamalı olacaq”.

Sabiq nazir bildirib ki, Ermənistanın siyasi hakimiyyətinin təxribatlarda maraqlı olması təsdadüfi deyil: “Ola bilsin, hökumət yerli əhaliyə göstərmək istəyir ki, sülhdən başqa yol yoxdur. Əgər belədirsə, deməli, növbəti məğlubiyyət Paşinyana sərf edir. Digər tərəfdən isə Ermənistan Rusiya sülhməramlılarının bölgədə qalmasına çalışır. O, yaxşı başa düşür ki, bunun yeganə yolu regionda gərginliyin davam etməsidir. Təəssüf ki, 2020 və 2022-ci ilin hadisələrinə bənzər ssenari təkrarlanır. Bu isə İrəvan üçün yaxşı nəsə vəd etmir”.

Qeyd edək ki, 2022-ci il sentyabrın ortalarında Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı nəticəsində sərhəddə gərginlik yaranmışdı. Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik İrəvanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsi idi.

Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi.

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbçisi şəhid olub, 282 hərbi qulluqçu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan ordusunun tutarlı cavab tədbirləri nəticəsində Ermənistanın 400-ə yaxın canlı qüvvəsi məhv edilib, yüzlərlə erməni hərbçi yaralanıb. İrəvan 224 hərbçisinin öldüyünü rəsmən etiraf edib. Eyni zamanda, düşmənin xeyli sayda hərbi texnikası, milyard dollardan artıq dəyəri olan raketlər, çoxlu sayda hərbi obyekti və onlarla postu sıradan çıxarılıb.

Sentyabr döyüşləri Ermənistanın Azərbaycana və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı