Azərbaycan və İranın XİN başçıları regional vəziyyəti müzakirə ediblər

Sentyabrın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Metbuat.az-a bildiriblər ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də postmünaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Bununla yanaşı, son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər iclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşünü bir daha məmnunluqla xatırlayıb.

Nazirlər, eyni zamanda, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan tədbirləri müzakirə ediblər.

Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb. Ermənistan Baş naziri Nikol Paşinyanın sentyabrın 2-də qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin “seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatırlanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruriliyi bildirilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı