Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il üzrə ikinci iclası keçirilib.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova 5 ali təhsil müəssisəsində (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı) həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirmələri əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlilləri təqdim edib.

İclasda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Lənkəran Dövlət Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilib və müəssisələrin növbəti 5 il müddətinə akkreditasiya olunması haqqında qərar verilib. Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının institusional akkreditasiya nəticələri isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 ilədək uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

Bundan başqa, institusional akkreditasiyası 2023-cü ildə nəzərdə tutulmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək şurada səsverməyə qoyulub və qiymətləndirmənin 2024-cü ilin fevral ayına təyin edilməsi barədə qərar qəbul edilib.

İclasda Bakı Dövlət Universitetinin magistratura səviyyəsində tədris olunan 6 ixtisasın (yüksək molekullu birləşmələr kimyası, neft kimyası, üzvi kimya, qeyri-üzvi kimya, analitik kimya, fiziki kimya) Qazaxıstanın Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentliyi tərəfindən aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair müraciəti səsverməyə qoyulub və təsdiq olunub.

Qeyd edək ki, cari ildə ümumilikdə 10 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi yekunlaşdırılıb. İlin sonunadək daha 3 ali təhsil müəssisəsinin (ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Tibb Universiteti) institusional akkreditasiya qiymətləndirməsi planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı