"Yevlax görüşü ilə bağlı yol xəritəmiz artıq hazırdır" - Millət vəkili

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü xalqa müraciətində bildirdi ki, sentyabrın 19-da günorta saatlarında Qarabağda başlamış “antiterror tədbirləri” nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib və qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlayıb.

İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan Qarabağ erməniləri üçün müxtəlif sosial proqramlar icra etməyə hazırdır. Ölkə başçısı işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlərinə toxunub və deyib ki, eyni şərait Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, kəndlərdə yaradılacaq.

Prezidentin çıxışının vacib məqamları ilə bağlı Metbuat.az-a danışan millət vəkili Azər Badamov bildirdi ki, Ordumuz Qarabağdakı separatçıların yuvasını dağıtmaqla ərazilərimizdə Azərbaycanın konstision dövlət quruluşunun bərpası üçü zəmin yaratmış oldu. Bu həm də bütün ərazilərimizidə suverən hüquqlarımızın bərpası deməkdir:

"Azərbaycan diplomatiyası BMT TŞ-də növbəti dəfə qələbə çaldı" -

“Ərazilərimiz 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunaraq qonşu ölkələrlə suverən sərhədlərimizə nəzarətimiz bərpa olunsa da, Qarabağın erməni sakinləri yaşayan ərazilər Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin və separatçıların yuvası olaraq qalmaqda idi və "boz zona"ya çevrilmişdi. Bu, işğaldan azad olunmuş ərazilərdə yenidən qurma və bərpa işlərinin aparılmasına, öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinə, həm də reinteqrasiya proseslərin həyata keçirilməsinə böyük maneə idi. Ermənistanın qeyri-qanuni silahlı birləşmələri son zamanlar ordumuzun mövqelərinə qarşı təxribatları genişləndirməsi və sentyabrın 19-u gecəsi yolda mina terroru həyata keçirməklə polislərimizin və yol tikintisi şirkətinin əməkdaşlarının həlak olmasına və yaralanmasına səbəb oldu. Bu, lokal antiterror tədbirlərin həyata keçirilməsini vacib etdi. Cəmi 24 saata yaxın müddətdə keçirilən lokal antiterror tədbirləri sayəsində rəşadətli Ordumuz qarşına qoyulduğu bütün hərbi vəzifələrini həyata keçirdi. Bu, həm də separatçıların yuvasının dağıdılması demək idi”.

Qarabağdakı qeyri-qanuni silahlıların və separatçıların ağ bayraq qaldırmasının bütün ərazilərin azad edilməsi demək olduğunu qeyd edən millət vəkili bildirdi ki, artıq dünəndən Qarabağ torpaqlarından Ermənistanın silahlıları və ağır hərbi texnikalarının çıxarılmasına başlanmışdır:

“Bu gün Azərbaycan Prezidentinin nümayəndəsi ilə erməni icmasının nümayəndələri arasında Yevlaxda görüşü olacaqdır. Görüşdə Xankəndində və onun ətrafı ərazilərdə Azərbaycan dövlət quruluşunun bərpası və erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası proseslərinə başlanması üçün dialoq aparılacaqdır. Burada əvvəlki dialoq təkliflərimizdə olduğu kimi separatçıları dinləmək məsələsi olmayacaq. Azərbaycan reinteqrasiya proseslərinə start verməsi üçün konkret şərtlərini açıqlayacaq və bu şərtlər əsasına Xankəndində dövlət quruluşumuz bərpa olunmalıdır.

Bununla bağlı yol xəritəmiz artıq hazırdır. Burda ermənilərin vətəndaşlığımızın alınması, bələdiyyə sisteminin və yerli icra orqanlarının yaradılması, hüquq mühafizə sisteminin qurulması və qanunlarımıza uyğun erməni əsilli vətəndaşlarımızın hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər bu gün Yevlaxda keçiriləcək dialoqda öz həllini tapacaqdır. Ehtimal edirəm ki, keçmiş qondarma qurumun qondarma rəhbərlərinə amnistiya verilməsi və ərazilərimizdən çıxması üçün şərait yaradılması ilə bağlı Bakıdan xahiş olunsun. Amma onu demək istəyirəm ki, bir mənalı şəkildə Xankəndinə dövlət quruluşunun bərpası prosesinə start verilmişdir”.

Qeyd edək ki, Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər. Onları Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət ediblər. Görüşün artıq başladığı bildirilir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı