​"Fransa qanlı keçmişini xatırlasa yaxşıdır" - Tarixçi alim

İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından 3 il keçməsinə baxmayaraq Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayındığının şahidi olduq. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrildi.

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi gərginliyin artmasına səbəb oldu. 44 günlük vətən savaşından keçən dövr ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub, ya da ağır yaralanıb.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması istiqamətində sentyabrın 19-da ordumuzun lokal xarakterli antiterror tədbirləri düşməni bir neçə saat ərzində layiqincə cəzalandırdı. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı. Beynəlxalq ictimaiyyətdə yaxşı bilir ki, bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində də bu məsələ ilə bağlı ciddi ismarıclarını verdi: “...Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”

Bu gün Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə nail olmaq üzrədi. Amma burada da Azərbaycan Qərbin ciddi təzyiqləri ilə üzləşdi. Son 3–4 ay ərzində Qərbin müxtəlif daiərlərində təzyiqlər artan xətt üzrə davam edir. Açıq-aydın görünür ki, Qərb dairələri Azərbaycandakı separatçlıq ocağının aradan qaldırılmasını, bölgənin normal həyata qayıtmasını istəmirlər və bu ərazilərdə separatizmin mövcudluğunda maraqlıdılar. Bu hal Qarabağda keçirilmiş qondarma “seçkilərə” münasibətdə də özünü biruzə verdi. “Seçkilər”ə çox az sayda ölkə münasibət bildirdi, ABŞ isə yalnız Azərbaycanın təzyiqlərindən sonra Dövlət Departamentinin işçisi səviyyəsində münasibət ortaya qoydu.

Azərbaycanın bir gündə erməni terroru nəticəsində 10-a yaxın şəhid verməsini Qərb dairələri tam sükutla keçdilər. Nə bir siyasətçi və dövlət başçısı, rəsmi şəxs bəyanat vermədi, çağırış etmədi. Amma Azərbaycan bu terror ocağının aradan qaldırılması ilə bağlı tədbirlərə başladıqda Qərbdə bəyanat verməyən siyasətçi qalmayıb. Bu Qərbin riyakar və ikili standarların bariz nümunəsidir. Fransa həmişəki kimi öz riyakar simasını nümayiş etdirir.

Bütün bunlar göstərir ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan çox insanın bəlalarına səbəb olan, şəhər və kəndlərimizi xarabazarlığa çevirən erməniləri, Ermənistanın hakim dairələrini yazıq, əzilən, ac-yalavac, hüquqları pozulan millət kimi dünyaya təqdim etmək, onların tərəfində durmaq Fransanın dövlət siyasətinə, ən ali məqsədinə çevrilmişdir. Bu gün ermənilərin taleyinə bu ölkələrin rəhbərlərindən daha çox Makron və onun tərəfdarları ağlayırlar. Fransa prezidentinin, bu ölkənin xarici işlər nazirinin, bir çox merlərin müsahibələri Azərbaycanın suverenliyinə, dövlət quruluşuna, müstəqilliyinə zidd olan fikirləri heç bir beynəlxalq normaya sığışmır. Bu əslində demokratiya, humanizm deyil, təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, müharibəni alovlandırmaq, Cənubi Qafqazda təhlükəsizliyi sarsıltmaqdır. Makron yaxşı anlayır ki, Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə və havadarlarına cavab verməyə qadirdir və onun təsir göstərə biləcəyi dövlət deyil. Belə olan halda təcavüzkarları qızışdırmağa, Cənubi Qafqazda söz sahibi olmağa cəhd edir, Ermənistanın yanında olduğunu sübut etməyə çalışır. Ancaq bütün bunlar əhəmiyyətsiz gedişlər, beynəlxalq aləmi çaşdırmaq üçün vasitədir.

Bu gün Türkiyə və Azərbaycana qarşı ittihamlar irəli sürən Fransanın müharibə cinayətlərinin tarixi daha qədim, coğrafiyası isə olduqca genişdir. Separatçı erməniləri və işğalçı Ermənistanı dəstəkləyən fransız Senatı isə, ilk növbədə, bu əməllərə siyasi qiymət verməlidir.

XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilərdə öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətlləri bütün dünyaya məlumdur. Afrikanın 20-dən artıq ölkəsində öz hakimiyyətini quran fransızların müstəmləkə siyasəti II Dünya müharibəsindən sonra iflasa uğradı. Həmin dövlətlərə müstəqillik verməyə məcbur olan Fransa neokolonializm üsul-idarəsini seçdi. Afrika ölkələrini əlindən buraxmaq istəməyən fransızlar yeni metodlara əl atdılar. Həmin dövlətlərin ərazilərində münaqişələr yaratmaq və öz qoşunlarını “sülhməramlı missiya” adı ilə yerləşdirdilər.

Təsadüfi deyil ki, indiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür.

Fransa müstəmləkə ölkələrinin hamısına səfalət və faciə gətirib. Afrika ölkələrində müstəqillik uğrunda gedən müharibələrdə 2 milyondan çox insan həlak olub. Təkcə Əlcəzairdə fransız ordusu 1 milyondan çox insanı qətlə yetirib.

1944-cü ilin noyabrında baş verən Seneqal hadisələrində Fransızlar tərəfindən yüzlərlə Seneqal əsgəri güllələndi. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçirdilər. Nəticədə 800 mindən çox insan qətlə yetirildi. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanat da verdi.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu cür qaranlıq tarixə malik olan Fransanın qondarma “erməni soyqırımı” ittihamlarına cavabını xatırlatmaq yerinə düşər: “Erməni məsələsi və terrorla mübarizə adı altında Türkiyəyə insan haqları və demokratiya dərsi verənlərin qanlı keçmişi olduğunu görürük. İyirmi beş il əvvəl Ruandada 800 min insanı qətlə yetirənlərin kimlər olduğu aşkardır. Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən və soyqırımı törədən də Fransadır”.

Bir sözlə Fransanın gün-gündən nüfuzunu itirməsi, regiona təsir imkanlarının bütün cəhtlərdə iflasa uğraması rəsmi Parisi Ermənistana dəstək verməkdən çəkindirməli, riyakar və ikiüzlü siyasətdən əl çəkməli, Azərbaycanın ərazi bötüvlüyünə hörmətlə yanaşmalıdır. Belə olmadığı təqdirdə, Fransanın terrorçu dövlət olduğu və dünyadakı bütün terrorçulara dəstək verdiyini bütün dünya birmənalı olaraq qəbul etmək məcburiyyətində qalacaq.

Bəli bu gün Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Ən böyük reallıq, əlbəttə ki, torpaqlarımızın azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır. Yeni reallıqlar zəminində qarşıda duran digər məsələlər bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülhün təmin olunmasıdır. Bu prosesdə isə artıq söz Azərbaycanındır. Çünki, Vətən müharibəsinin yaratdığı reallıqlar Azərbaycanın milli maraqları və siyasi iradəsi çərçivəsində cərəyan edir.

Bütün bunların fonunda belə bir həqiqət də öz təsdiqini tapdı ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədələrə çata bilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı prosesləri Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyəti kontekstindən nəzərdən keçirdikdə onun güclü lider kriteriyalarına cavab verən siyasi lider olduğu bir daha qabarıq görünür.

NDU-nun prorektoru, tarixçi alim Arzu Abdullayev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı