Meksika qəzetində Azərbaycana dəstək məqaləsi dərc olunub - FOTO

Latın Amerikasının ən nüfuzlu təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin (UNAM) mətbu orqanı “Gaceta UNAM” qəzetində “Azərbaycan mühüm enerji mərkəzidir” başlıqlı məqalə dərc olunub.

Bu barədə Metbuat.az-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalə Siyasi və sosial elmlər fakültəsinin Beynəlxalq münasibətlər mərkəzinin müəllimi Talya İşcanın müsahibəsi əsasında qələmə alınıb. Məqalədə Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan və Cənubi Qafqaz regionunun günbəgün artan əhəmiyyəti vurğulanır, ölkəmizin post-münaqişə dövründə üzləşdiyi çağırışlara diqqət çəkilir.

Qeyd olunur ki, əlverişli geostrateji mövqeyə malik olan Azərbaycan son illərdə Avrasiya regionunun enerji xəritəsini bütünlüklə dəyişərək mühüm nəqliyyat və enerji mərkəzinə çevrilib və Latın Amerikası ölkələri Azərbaycanın təklif etdiyi imkanları nəzərə almalıdır.

Məqalədə Cənubi Qafqazın bu gün Şərq və Qərb dünyası arasında birləşdirici rolunu oynadığı vurğulanır, hazırda dünyanın ən çox sanksiyalara məruz qalan iki ölkəsi – Rusiya və İranın strateji mövqələrinin zəifləməsi ilə birlikdə Azərbaycanın dünyamiqyaslı layihələrlə önə çıxdığı bildirilir: Avropa və Asiya arasındakı ən qısa dəmir yolu marşrutu, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi buna misal olaraq göstərilir.

Eyni zamanda, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının ağır nəticələrinin bu gün də hiss edilməsinə və yüzminlərlə azərbaycanlının öz doğma yurdlarından didərgin salınmasına baxmayaraq, Azərbaycan Hökuməti tərəfindən onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmini üçün bütün zəruri tədbirlərin həyata keçirildiyi qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı