“Sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayıb” - Millət vəkili

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistanın İctimai Televiziyasında çıxışı zamanı spikerin deyib ki, rəsmi İrəvan çox istəyir ki, bu məsələdə irəliyə doğru addım atılsın.

“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq”, - sitatın sonu.

Ermənistan KİV-i yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, oktyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində görüşü gözlənilir. Bu görüş zamanı iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı münbit şəraitin ola biləcəyi də düşündürən suallardandır.

Vəziyyəti şərh edən millət vəkili Cavanşir Feyziyev Metbuat.az-a bildirdi ki, Qarabağdakı separatçı qurum təslim olduqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olacaq heç bir amil qalmayıb.

“Ermənilərin kompakt şəkildə yaşadığı və qeyri- qanuni hərbi birləşmələrin yerləşdirdiyi ərazi artıq Ermənistanın nəzarətindən çıxıb. Artıq Ermənistan Azərbaycan ərazisində baş verən hadisələrə müdaxilə edə bilməyəcək. Belə bir şəraitdə onun sülh müqaviləsi imzalamaqdan başqa yolu qalmır”.

Millət vəkili hesab edir ki, sülh müqaviləsinin imzalanması Ermənistanı heç də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən xilas etmək anlamına gəlməməlidir:

“Zənnimcə Zəngəzur dəhlizinin məhz sülh şəraitində açılması Ermənistan üçün daha səmərəli və asan olacaq. Əslində Sülh müqaviləsinin harada imzalanmasının fərqi yoxdur. Bu Qranada, Brüsseldə, Vaşinqtonda və ya Moskvada baş tuta bilər. Burada əsas məsələ Rusiyanın iştirakı məsələsidir. Əgər sülh müqaviləsi Rusiyanın iştirakı olmadan imzalanarsa bu Ermənistanla Rusiya arasında bir müddətdir gərgin olan münasibətləri daha da çıxılmaz vəziyətə gətirəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı