"Bakı və Ankara qarşılarına qoyduqları bütün birgə hədəflərə çatırlar" - Sahib Alıyev

"Türkiyə Prezidenti cənab Ərdoğanın Naxçıvana dünənki səfəri iki müttəfiq ölkə arasında əlaqələrin dərinləşdirilməsindən də çox, məncə, yeni regional reallığın daha da möhkəmləndirilməsinə xidmət edirdi".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Sahib Alıyev edib. Millət vəkili vurğuladı ki, bu səfər zamanı Naxçıvanın enerji potensialını artıracaq, eyni zamanda da, onun İrandan gələn qazdan asılılığına son qoyacaq bir sıra anlaşmaların imzalanması çox önəmli idi.

"Eləcə də Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı bu bölgəmiz haqda qara fikirlilərə, yaxud da haylar kimi müəyyən xülyalara qapılanlara göstərdi ki, oradakı əlahiddə ordu heç bir halda zəifləməyəcək, o, hətta uzun vaxt çərçivəsində qarşısına qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək əzmində və gücündədir. Bununla yanaşı, Türkiyə Prezidentinin səfərində çox qabardılmasa da, düşünürəm ki, ən mühüm məsələlərdən biri məhz Zəngəzur dəhlizinin açılması idi. Diqqət yetirdinizsə, cənab Ərdoğan mətbuata bəyanatının lap əvvəlində “Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram” cümləsini işlətdi ki, bu da Zəngəzur dəhlizi açılmadan mümkünsüzdür. Eyni zamanda Azərbaycan Prezidentinin Qars - Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını “tarixi hadisə” adlandırması, onun “Orta Dəhlizin həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək bir qolu” kimi təqdim etməsi də elə məhz bundan xəbər verirdi".

Cənab İlham Əliyevin Şərqi Zənəzurda tikintisi gedən və gələn ilin sonunadək təhvil verilməsi gözlənilən dəmir yolunun “Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcəyini vurğulaması məqamına toxunan Sahib Alıyev qeyd etdi ki, bu o deməkdir ki, Naxçıvan - Qars dəmir yolu bir növ bunun davamı kimi nəzərdə tutulur və Zəngəzur dəhlizi açılmadan bu, mümkün deyil.

"Zəngəzur dəhlizinin açılacağına əminlik olmadan isə tikintisinə yetərincə böyük vəsait sərf edilən və ediləcək dəmir yolu xətlərinin inşasına başlanılmaz, bu haqda niyyət protokolu imzalanmazdı. Bəli, əminlik var və bu, iki qardaş dövlətin müttəfiqliyinə, liderlərimiz arasında böyük səmimiyyətə, hər iksinin qətiyyətinə dayanır. Son üç ilin olayları göstərdi ki, kimin nə düşünməsindən və necə davranmasından asılı olmayaraq Azərbaycanla Türkiyə qarşılarına qoyduqları bütün birgə hədəflərə çatırlar. Çünki bunun üçün həm gücləri var, həm də atdıqları addımlar beynəlxalq hüquq çərçivəsindədir, regionda sülhün, əmin - amanlığın əldə olunmasına xidmət edir".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR