Şimali Kipr Prezidenti Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı başsağlığını "X" hesabında paylaşıb.

"Azərbaycanın və türk dünyasının yorulmaz müdafiəçisi, Şimali Kipr Türk Respublikasının aşiqi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Allah Qənirə Paşayevaya rəhmət eləsin. Ailəsinə və yaxınlarına başsağlığı verirəm", - E.Tatar yazıb.

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, sentyabrın 28-də vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Xatirladaq ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professoru olub.

1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub, 2012-2015-ci illərdə “Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.

Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub, Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı