Azərbaycan XİN məlumat yaydı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni radikal qruplaşmalarının ABŞ-nin Cənubi Kaliforniya Universitetində təşkil olunan konfransın iştirakçılarına qarşı hücümu ilə bağlı bəyanat yayıb.

Metbuat.az XİN-ə istinadən xəbər verir ki, bəyanatda bəyanatda deyilir:

"29 sentyabr 2023-cü il tarixində ABŞ-nin Los-Anceles şəhərində erməni radikal qruplaşmalarının Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına qarşı hücumunu kəskin qınayır və pisləyirik.

30 ilə yaxın işğal müddətində, o cümlədən 44 günlük Vətən müharibəsi, habelə bölgədə aparılan son anti-terror tədbirləri ərəfəsində ölkəmizə, həmvətənlərimizə, habelə qardaş Türkiyə Respublikası və onun vətəndaşlarına qarşı atılan, Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir.

Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının uğursuzluğa düçar olmasını, habelə bölgədə yaradılan qeyri-qanuni rejimin süquta uğramasını həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu kimi aqressiv hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.

Bu hücumun timsalında radikal erməni qruplaşmalarının bu kimi irqi ayrı-seçkilik, nifrət nitqi və zorakılıq elementlərini özündə ehtiva edən davranışları geniş beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalı, bu cür hərəkətlərin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılmalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı