Qapanmalar olacaq? - “Ölkəmizdə koronavirusun yeni növü yayıla bilər”

“Ölkəmizdə koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantının (“Eris”) yayılma ehtimalı var”.

Metbuat.az xəbər verir ki, bu barədə “Trend”ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantına (“Eris”) yoluxanların sayı dünyada artmaqdadır.

“Payız-qış mövsümündə koronavirusa yoluxma daha da çoxalır. Ölkəmizdə hələ koronavirusun EG.5 variantına (“Eris”) yoluxma qeydə alınmayıb. Lakin bu növün yayılma ehtimalı var. Koronavirusun bu növünə yoluxanlar tez sağalırlar. Belə ki, ağırlaşma və ölüm halları az olur. Ancaq risk qrupuna daxil olan şəxslər mütləq peyvənd olunmalıdır.

Yeni tədris ilinin başlanması da COVID-19-un sürətlə artımına şərait yaradır. Amma əvvəlki illərdə olduğu kimi, qapanmalar olmayacaq. Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi əhalidə kütləvi immunitet yaradıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda son bir həftə ərzində (18-24 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Həmin müddətdə infeksiyaya 229 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 809 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, hazırda 225 aktiv xəstə var. Bu günə qədər 10 321 nəfər vəfat edib. Bildirilib ki, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 729, bu günə qədər isə ümumilikdə 7 684 217 test icra olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı