"Danışıqlarda Ərdoğanın əleyhinə Ermənistan yox, Almaniya ilə Fransa çıxıb" - Millət vəkili yazır

Bizdə bəzən sinonim kimi təqdim olunan iki ifadə var - üzü gəlməmək və cəsarət etməmək. Ancaq, məsələn, Fransanın başında duran Makronun telefon diplomatiyasını göz önünə gətirdikdə görürük ki, bu ifadələr heç də sinonim deyil.

O adam da Paşinyan kimi bərk ayaqda hər kəsə, dünən haqqında düşməncəsinə danışdığı və yaxud böhtan atdığına belə zəng edir. Yəni "üzü gəlməmək" hissi eləsinə yaddır. Telefon diplomatiyasına ehtiyac duyursa, ancaq bunu reallaşdırmırsa, demək ki, cəsarəti çatmır, yaxud da protokol xidmətinə zənginə cavab verilməyəcəyi bildirilir.

Bu "lirik giriş"i ona görə yazdım ki, dünən Qranada görüşünün alınmayacağı bəlli olandan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevə Makron yox, məhz Almaniya kansleri Olaf Şolts zəng vurdu. Yəqin ki, telefon danışığı zamanı dövlət başçımızdan Paşinyanla danışıqları nədən rədd etdiyi soruşulub. Çox güman ki, ona Avropa Birliyinin keçirməyi planlaşdırdığı danışıqlara Azərbaycana qarşı yumşaq desək, qətiyyən dostcasına davranmayan, regionda gərginlik yaratmağa çalışan Makronun qatılması məqbul sayıldığı halda, 2020-ci ildən üzü bəri ancaq sülh gündəliyi ilə çıxış edən Türkiyə Prezidentinin də orada olmasına razılıq verilmədiyinə görə belə bir addımın atıldığı bildirilib. Əminəm ki, danışıqlarda cənab Ərdoğanın da yer almasının əleyhinə, indiki halda heç də Ermənistan yox, elə həmin Almaniya ilə Fransa çıxıb.

Yeri gəlmişkən, kansler Şolts heç də bilməmiş deyil ki, "5-li format"ın təşkilində Fransanın məqsədi Minsk qrupunun həmsədri funksiyasını indi də belə pərdələnmiş şəkildə davam etdirmək, Avropa Birliyinin əslndə onun diqtəsi altında olduğunu sərgiləməkdir.

Təbii ki, Azərbaycan buna imkan verə bilməz və vermədi də. Cənab İlham Əliyevin Şoltsa Şarl Mişelin moderatorluğu altında Brüssel sülh danışıqlarının davam etdirilməsində maraqlı olduğumuzu bildirməsinin diplomatik dildən tərcüməsi o deməkdır ki, danışıqlara böyük və kiçikliyinə baxmayaraq hər hansı üzv dövlətin, ilk növbədə də Fransanın liderinin qatılmasını istəmirik. Və biz Avropa Birliyinin vasitəçiliyinə orada səlibçilik təfəkkürü ilə davrananların yer aldığına görə yox, Azərbaycanın o qurumun 9 üzvü ilə strateji tərəfdaşlıq haqda anlaşma imzaladığını nəzərə alıb razılıq vermişik, vəssalam.

Millət vəkili Sahib Alıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı