Azərbaycanda illik inflyasiya 11%-dən aşağı düşüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 %, qeyri-ərzaq məhsulları üzrə 110,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 % təşkil edib.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sentyabrda isə istehlak qiymətləri indeksi avqustla müqayisədə 100,3 %, ötən ilin eyni dövrünə nisbətən 105,1 % təşkil edib.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,6 %, ötən ilin eyni dövrünə nisbətən 104,5 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım mal və qoyun ətinin, təzə balığın, yumurtanın, bananın, gavalının, şaftalının, pomidorun, xiyarın, göy lobyanın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, tütün məmulatlarının, azalma isə əsasən qarabaşaq yarmasının, unun, makaron məmulatlarının, toyuq ətinin, yoqurtun, kərə və bitki yağlarının, almanın, kələmin, balqabağın, soğanın, şəkər tozunun, konfetlərin, çayın, limonadın, arağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə avqustla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən 105,9 % olub. Qeyri-ərzaq məhsullarından artım əsasən sementin, kəsilmiş taxtaların, azalma isə sintetik yuyuсu vasitələrin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən 105,4 % təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı