İşğaldan azad olunmuş ərazilər ölkə iqtisadiyyatına nə vəd edir? - TƏHLİL

Azərbaycanın işğaldan azad olan əraziləri zəngin iqtisadi potensiala malikdir. Ekspertlərin proqnozlarına görə, bu ərazilərin bütünlükdə ölkə iqtisadiyyatına inteqrasiyası əsasında yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin ərazilərin bərpası üçün çəkdiyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı Metbuat.az-a bildirdi ki, işğaldan azad olunmuş ərazilərimizin qeyri-neft sektorunun inkişafında xüsusi rolu olacaq:

“Həmin ərazilərin sənaye, aqrar, turizm və xidmət sektorunda böyük potensialı var. Bu torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İşğaldan azad edilmiş ərazilər sənaye və tikinti əhəmiyyətli müxtəlif növ materiallarla zəngindir. Eyni zamanda, bölgə zəngin su ehtiyatlarına malikdir. Bu da ölkəmizin sənayesi və kənd təsərrüfatı üçün müstəsna əhəmiyyət kəsb edir.

Bütövlükdə, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının təxminən 40 faizi işğaldan azad edilən rayonların payına düşür. Bütün sadaladıqlarım imkan verəcək ki, ölkədə qeyri neft-sektorunun inkişafı və genişləndirilməsi mümkün olsun. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad olunmuş ərazilərimizin bütövlükdə ÜDM-də payı təxminən 10 faizə qədər olacaq. Nəticədə, Azərbaycan iqtisadiyyatında səkkiz milyard manatlıq yeni dəyər formalaşa bilər”.


Qarabağ iqtisadi rayonunun mövcud potensialı barədə Metbuat.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov isə hesab edir ki, azad olunmuş ərazilərimizdə yaradılan əlverişli biznes mühiti, mikro, kiçik və orta sahibkarlığın formalaşması qeyri-neft sektorunun dinamik inkişafına əsaslı təkan vermiş olacaq:

“Əminliklə deyə bilərəm ki, bu bölgə 99 faiz qeyri-neft sektorunun inkişafına səbəb olacaq təbii imkanlara malikdir. Alternativ enerji mənbələri ilə zəngin olan bu region təkcə Naxçıvandan sonra günəş enerjisi imkanlarına görə ikinci yerdə dayanır. Ölkəmiz hidro ehtiyatlarla da kifayət qədər zəngindir. Azad olunmuş torpaqlarımız ölkənin su ehtiyatlarının təxminən dörddə birinə sahibdir. Bu da həm suvarma sistemində, həm də elektrik enerjisinin istehsalı sahəsində böyük töhvələr verəcək. Amma bölgənin hidro potensialının yuxarı olması hələ kənd təsərrüfatında məhsuldarlığın yuxarı olacağı demək deyil. Çünki su ilə iş bitmir. Burada bir çox istiqamətlərdə yanaşmalar fərqli olmalıdır”.

Müsahibimiz vurğuladı ki, bölgənin aqrar sahə üçün məhsuldarlığının artırılması istiqamətində yeni suvarma sistemlərinin tətbiq edilməsi mütləqdir. Əgər bu addımlar atılarsa, nəticədə idxalı əvəz edən məhsulların yerli istehsal hesabına həcmi və çeşidi artmaqla yanaşı, ixrac yönümlü məhsulların istehsalı da artacaqdır:

“Təkcə su ehtiyatları məhsuldarlığı artırmaq üçün kifayət deyil. Su ehtiyatları məhsuldarlığın artması üçün vacib olan faktorlardan sadəcə biridir. Ərazidə əkiləcək kənd təsərrüfat istiqamətli torpaqların potensialının gücləndirilməsi, müasir texnologiyalar əsasında toxumçuluğun inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda burada uyğun toxumların idxal olunması, su ehtiyatlarının ədalətli bölgüsü, peşəkar kadrların bu istiqamətə cəlb olunması da bölgədə məhsuldarlığın artmasına gətirib çıxaracaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı