İrəvan qorxuya düşdü, "F-16"lar Bakıdadır - Bakı və Ankara güc nümayişi edir?

Xəbər verdiyimiz kimi, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana gəlib.

Metbuat.az bildirir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirin Azərbaycana “Mustafa Kamal Atatürk-2023” təlimini izləmək və ikitərəfli görüşlər keçirmək üçün gəldiyi bildirilib.

Təlimlərin detalları barədə Metbuat.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, belə bir kritik zamanda Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi olduqca anlamlı mesajlar verir:

“Ermənistan terror dövləti olduğunu bir daha sübut etdi” -

“Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ərəfəsində keçirilən təlimlərdə Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.

Bildiyiniz kimi, Ermənistan müdafiə naziri Fransaya gedib hərbi müqavilə imzaladığı bir dönəmdə Türkiyə və Azərbaycanın belə bir təlimlərə başlaması siyasi məqsəd və güc nümayişidir. Hesab edirəm ki, “Mustafa Kamal Atatürk-2023” birgə təlimi 1991-ci ildən başlayaraq bu günə qədər davam edən Ankara və Bakı hərbi təlimlərinin zirvəsi oldu”.

İki ölkənin təhlükəsizlik və müdafiə sənayesində əmin addımlarla irəlilədiyini vurğulayan Yücel Karauz qeyd etdi ki, təlimlərə digər ölkələrin müdafiə nazirlərinin qatılması dosta güvən düşmənə göz dağı verdi.

“İki dost ölkə arasında keçirilən bu təlimlər Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Nəticədə, hərbi təlimlər sayəsində bir millət, iki dövlət tək orduda birləşərək bütün dünyaya bölgənin, Cənubi Qafqazın ən güclü ordusu olduğunu nümayiş etdirdi”,- deyə Karauz bildirib.

Qeyd edək ki, 23-25 oktyabr tarixini əhatə edən təlimlərdə iştirak edəcək Türkiyənin F-16-ları da artıq Azərbaycandadır. Təlimlərə iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, iki ölkənin mütəmadi birgə təlim proqramı fonunda, Qarabağda erməni separatizminin ləğvindən sonra hərbi müstəvidə bu qədər genişmiqyaslı “əzələ nümayişi” səbəbsiz deyil:


“Ermənistanda bu təlimlər Bakı və Ankaranın Zəngəzur dəhlizinin açılması ssenarisinin məşqi kimi təqdim edilir. Dəhlizin hərbi müstəvidə açılması ssenarisi mövcud şərtlərdə aktual deyil və rəsmi Bakı müxtəlif səviyyələrdə bu iddiaları təkzib edib. Hərçənd, bölgədə proseslərin inkişafı fonunda F-16-larla əzələ nümayişinin siyasi mesajları da var. Təlimlərin zamanı da diqqətçəkən məqamdır. Bakı Qranada görüşündən imtina etdikdən sonra növbəti görüşün oktyabrın 25-də Brüsseldə keçiriləcəyi haqda məlumatlar var. Avropa İttifaqının Fransanın anti-Azərbaycan cəbhəsinə yaxınlaşdığı fonunda Brüssel görüşündə də Qranadada Bakının iştirakı olmadan qəbul edilən məlum bəyanatın masaya qoyulacağı gözləntisi var. Bu bəyanatda kommunikasiyanın açılması, sərhədin delimitasiyası və “Qarabağ ermənilərinin hüquqları” kimi Bakının gündəliyinə uyğun olmayan məsələlər yer alır. Prezident İlham Əliyevin bunu qəbul etməyəcəyi bəllidir. Genişmiqyaslı təlimlərin keçirilməsi ilə Brüsselə əli güclü formada getdiyini deyə bilərik. İlham Əliyev bölgədə Azərbaycana və mövcud reallıqlara qarşı atılacaq addımların nə ilə üzləşəcəyini Brüssel görüşündə izah edəcək",- sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı