Qərbi Azərbaycan İcması ATƏT-ə çağırış etdi

ATƏT-in tədbirində qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı məsələ qaldırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, icma insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq qurumların fəaliyyətində yaxından iştirak edərək, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətli şəkildə geri qayıtması hüququ məsələsini qaldırır və ona beynəlxalq dəstəyin əldə edilməsi üçün səylər göstərir. Sözügedən sahədə müvafiq mexanizmlərdən biri ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığıdır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun növbəti tədbirində iştirak edib. Qurumun təsis edilməsinin 30 illiyi münasibətilə 2023-cü il oktyabrın 24-də Niderlandın paytaxtı Haaqa şəhərində ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani, Baş katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, BMT Katibinin insan hüquqları üzrə köməkçisi İlze Brands Kehris və digər yüksək səviyyəli xadimlərin iştirakı ilə keçirilmiş tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini və ATƏT-in tövsiyələrini yerinə yetirməsi və milli azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi mövzularda müzakirələr aparılıb.

Qərbi Azərbaycan İcmasının sədr müavini R.Həsən müzakirələrə öz töhfəsini verib. Ermənistandan azərbaycanlıların qovulması barədə ətraflı məlumat verən İcma nümayəndəsi, Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulayıb.

İcma özünün insan hüquqları gündəliyinin və qayıdış hüququnun beynəlxalq səviyyədə təşviqi üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı