Bakı, 4 iyun, AZƏRTAC
Böyük Britaniyanın mədəniyyət, KİV və idman işləri üzrə naziri Con Uittinqdeyl 2018-ci və 2022-ci illərdə keçiriləcək futbol üzrə dünya çempionatının ev sahiblərinin seçilməsi prosesində korrupsiya hallarının təsdiqlənəcəyi təqdirdə bu məsələyə yenidən baxılması və təkrar seçkilər üçün ciddi səbəb yaranacağını deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, Qətər ev sahibliyi hüququndan məhrum edilsə, 2022-ci il dünya çempionatı çox güman ki, Avropada keçirilməyəcək. Lakin zərurət yaranarsa, İngiltərədə artıq bunun üçün lazım olan bütün şərait mövcuddur.
ABŞ-ın ədliyyə orqanlarının nümayəndəsi bildirib ki, Federal Təhqiqatlar Bürosu FİFA-nın Rusiya və Qətərə ev sahibliyi hüququnun verməsinə tam aydınlıq gətirilməsi üçün dünya futbolunda korrupsiya hallarının təhqiqatını genişləndirmək fikrindədir. Bu qəbildən olan təhqiqat artıq İsveçrə prokurorluğu tərəfindən də aparılır.
Rusiyanın idman naziri Vitali Mutko 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının ləğv olunması barədə məsələnin müzakirə edilmədiyini vurğulayıb. “Ölkəni Prezident deyil, FİFA seçib, o isə bunu təsdiqləyib. 2018-ci il dünya çempionatı müzakirə olunmur və hər şey öz axarı ilə davam edir. Rusiya dünya çempionatına planlı şəkildə hazırlaşır. Təşkilati baxımdan heç bir təhlükə yoxdur və mən heç bir risk görmürəm. Nəyə görə Rusiya dünya çempionatını keçirməməlidir?” - deyə Mutko qeyd edib.
Qətər də öz növbəsində onun 2022-ci ildə dünya çempionatını keçirmə haqqından məhrum edilməsi barədə söhbətin getmədiyini bildirib.