QAİ-nin məktubu BMT-nin rəsmi sənədləri kimi yayılıb

Qərbi Azərbaycan İcmasının 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarı Folker Türkə göndərdiyi məktub BMT-nin rəsmi sənədləri kimi yayılıb.

Bu barədə Metbuat.az-a icmadan məlumat verilib.

Qeyd olunub ki, məktubda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim edilib.

Bu günlərdə həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, irqçiliyin və ksenofobiyanın aradan qaldırılmasına dair bəndləri altında həmin ali orqanların rəsmi sənədləri kimi yayılıb.

İcma xatırladıb ki, sənəddə BMT-nin insan hüquqları üzrə qurumları sözügedən insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləməni, mədəni-tarixi irsin məhv edilməsini həyata keçirənlərin, zorakılıq edənlərin və qovulmuş azərbaycanlıların geri qayıtmasına mane olanların məsuliyyətə cəlb olunması istiqamətində səylər göstərməyə çağırılır.

Müraciətin BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması BMT orqanlarının Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi ilə sistemli şəkildə məşğul olmaları üçün əsasları daha da gücləndirib.

İcma Qayıdış Konsepsiyasına uyğun olaraq, sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdış hüququnun təmin edilməsi məqsədi ilə beynəlxalq səylərini davam etdirəcəkdir.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarı Folker Türkə məktub göndərərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı